Xəzər sahilində tapılan suitilər qanunsuz ovun qurbanı olub? – FOTO

262

Xəzər dənizinin sahilində iki suiti cəsədi tapılıb.

Oxu.Az-ın məlumatına görə, onların öldürüldüyü ehtimal edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov bildirib ki, Xəzər dənizinin Mərdəkan qəsəbəsinə düşən hissəsində bu gün səhər iki suiti cəsədi tapılıb:

“Xəzərdə baş verən dalğalanma zamanı onların cəsədi sahildən 10 metr kənara çıxıb. Apardığımız müşahidəyə görə, cəsədlərin üzərində insan tərəfindən zərərverici izlər qalıb. Bu suitilər qırmağa düşüblər. Bu balıq ovu aləti qeyri-qanunidir. Suitilərin hər cəsədində 3-4 qırmağın izini görmüşük”.

O qeyd edib ki, suitilərin son illər azalır:

“Xəzər dənizində bu heyvanların sayı 100 mindən artıq deyil. Ötən əsrdə isə bu rəqəm bir milyon təşkil edib. Tədqiqatlar onu göstərir ki, balıq ehtiyatı azaldıqca suitilərin də sayı azalır”.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun elmi işçisi, dosent Süleyman Süleymanov isə bildirib ki, dəniz sahilində iki suitinin tapıldığı əraziyə baxış keçirilib:

“Həmin suitilər kəsici alətlə öldürülüb. Güman edilir ki, suitilər yem məqsədi ilə torda olan balıqlara yaxınlaşdığı üçün kəsici alətlərlə öldürülüb”.