Xəzəryanı ölkələr dəniz turizminin inkişaf konsepsiyasını hazırlayırlar

277

Xəzəryanı ölkələr turizmin ekoloji, çimərlik, ziyarət və transsərhəd istiqamətlərini inkişaf etdirmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Həştərxanda keçirilən VI Xəzər Media Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, V Xəzər Zirvə görüşünün kommünikesi çərçivəsində Xəzəryanı ölkələrin müvafiq orqanlarına turizm mövzusunda beştərəfli müzakirələr aparmaq tapşırılmışdı. Bu müzakirələr 2019-cu il avqustun 27-də Aktauda baş tutdu. Həmin vaxt Xəzərdə turizmin prioritet istiqamətlərinin inkişaf etdirilməsi, həmçinin bu sahədə gələcək yanaşmalar mövzusunda fikir mübadiləsi aparılmışdı.

“Bu mərhələdə başlıca vəzifə hüquqi əsasları dəqiq müəyyənləşdirmək, rahat viza mexanizmlərini işləyib hazırlamaq və kruiz turizminin marşrutlarını razılaşdırmaqla Xəzəryanı ölkələrin turizm sahəsində əməkdaşlığının strukturunu yaratmaqdan ibarətdir”, – Zaxarova qeyd edib.

O Azərbaycan və Rusiya gəmiçilik idarələri arasında Xəzər dənizində əməkdaşlıq haqqında memorandumun imzalandığını xatırladıb:

“Böyük Pyotr” teploxodundan birgə istifadənin, Qara dəniz-Rusiyanın daxili suları-Xəzər dənizi marşrutu üzrə turizm üçün gəmilərin tikintisinin nəzərdə tutulduğu bu təşəbbüsə digər Xəzəryanı ölkələr də dəvət olunublar. Xəzəryanı ölkələrlə turizm sahəsində sazişin layihəsi hazırda işlənmə mərhələsindədir. Bundan başqa, Həştərxan-Bakı-Ənzəli-Türkmənbaşı-Aktau marşrutu üzrə Xəzər hövzəsində turizmin inkişaf etdirilməsi məsələsi işlənib hazırlanır. Bu tapşırığın icrası üçün dövlət-özəl sektor əməkdaşlığı mexanizminin həyata keçirilməsi nəzərdə tutulub”.