60

Elçin Quliyevdən Xəzərdə döyüş hazırlığı ilə bağlı tapşırıq – FOTO/VIDEO

Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirləri davam etdirir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sentyabr ayının 13-dən 15-dək “Xəzər dənizində Azərbaycan Respublikasının dəniz infrastrukturuna yönələn terror-təxribat aktlarının qarşısının alınması zamanı DSX bölmələri tərəfindən axtarış əməliyyatları keçirilməklə təxribat qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.

Taktiki təlimdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin müasir naviqasiya və radiotexniki avadan­lıqlarla, silah sistemləri ilə təchiz edilən sərhəd gözətçi gəmi­ləri, DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopterləri, pilotsuz uçuş aparatları, kütləvi qırğın silahlarının və onların komponentlərinin aşkarlanması və müəy­yən­ləşdirilməsi üzrə xüsusi avadanlıqlar, dəniz kampaniyasına yeni qəbul edilən müşahidə, aşkaretmə təyinatlı sualtı aparatlar, yerüstü və dəniz əməliyyat­larında tətbiq üçün itisürətli amfi­biya qayıqlar istifadə olunub.

Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma rayonlarının, platformaların, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Xüsusi Hava Əməliyyatları Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi, enerji infrastrukturlarının mühafizəsi üzrə birgə sərhəd-axtarış əməliyyatlarının aparıl­ması, enerji infrastruk­turlarının mühafizəsi zamanı suüstü və sualtı hədəflərin aşkarlanması və məhv еdil­məsi, sahildə və dənizdə aşkarlanan təxribat qruplarının zərərsizləşdirilməsi, saxla­nıl­an gəmiyə əsaslı baxışların keçirilməsi kimi təlim tapşırıqları uğurla icra olun­ub.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin raket komplekslərindən, həmçinin zenit-artilleriya qurğularından dəniz və sahil hədəflərinə qarşı döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft-qaz infrastrukturu istiqamə­tində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi, kütləvi qırğın silahlarının komponentlərinin müəyyənləşdirilməsi elementləri yüksək dəqiqliklə icra olunub.

Təlimdə qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilmiş, şəxsi heyət möh­kəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükə­sizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən olduğunu vurğulayıb, dənizdə sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar verib.