Avstraliya Fransa ilə sualtı qayıqların inşası barədə razılaşmanı ləğv edib

240

Avstraliya Fransa ilə ümumi dəyəri təqribən 40 milyard ABŞ dolları olan sualtı qayıqların inşası barədə razılaşmanı ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison bəyanat yayıb.

“Biz Fransa ilə sualtı qayıqlarla bağlı proqramı dayandırdıq və bu barədə Prezident Emmanuel Makronu da məlumatlandırdıq. Qeyd etmək istəyirəm ki, Fransa Sakit okean regionunda bizim mühüm tərəfdaşımız olaraq qalır”, – deyə S.Morrison sentyabrın 16-da Kanberrada keçirilən mətbuat konfransı zamanı bəyan edib.

Baş nazir, həmçinin ümidvar olduğunu bildirib ki, Avstraliya və Fransa bu çətin və təəssüfdoğurucu qərarın öhdəsindən layiqincə gələcəklər. Həmin qərar Avstraliyanın milli maraqları nəzərə alınaraq qəbul edilib.

Xatırladaq ki, 2016-cı ildə Avstraliyanın həmin vaxt Baş naziri olmuş Malkolm Ternbull Fransanın “DCNS” gəmiqayırma korporasiyasının Avstraliyanın yeni sualtı donanmasının inşası barədə tenderi udduğunu bəyan etmişdi. Nəticədə Fransa korporasiyası Avstraliya üçün 12 sualtı qayıq inşa etməli idi. Tenderin iştirakçıları arasında Almaniya və Yaponiya şirkətləri də var idi. Yeni sualtı qayıqların təqribən 50 milyard Avstraliya dollarına (40 milyard ABŞ dolları) başa gələcəyi nəzərdə tutulurdu. Bu Avstraliya tarixində ən böyük müdafiə sifarişi idi.