Odessa limanı pandemiya başlayandan ilk kruiz gəmisini qəbul edib

204

Baham adaları bayrağı altında üzən “Sea Dream II” sərnişin gəmisi sentyabrın 28-də Ukraynanın Odessa limanına yan alıb. Bu, COVID-19 pandemiyası başlayandan bəri Odessa dəniz limanının qəbul etdiyi ilk kruiz gəmisidir. Laynerin göyərtəsində 60 sərnişin olub. Onların əsasən ABŞ və Kanada vətəndaşları olduğu bildirilir.  

“Seanews.az”-ın məlumatına görə, layner Afinadan başlamaqla Aralıq dənizi və Qara dəniz limanları arasında səfərlər edir. Odessadan əvvəl Rumıniyanın Konstansa limanında dayanıb. Buradan isə Bolqarıstanın Varna limanına istiqamət götürəcək.

Hal-hazırda Odessa liman idarəsinə 2022 mövsümündə kruiz gəmilərinin  ziyarəti ilə bağlı 31 müraciət daxil olub. Xarici bayraqla üzən gəmilərin Odessa limanına səfərləri Qara dəniz bölgəsindəki vəziyyətin pisləşməsi səbəbindən 2016-cı ildə dayandırılmışdı. Beş il ərzində limana yalnız iki kruiz gəmisi yan alıb. 2017-ci il iyunun 14-də 104 turistlə “Island Sky” ekspedisiya gəmisi limanda lövbər salıb. 2019-cu il oktyabrın 30-da isə “Amera” teploxodu 750 turistlə Odessa dəniz limanına yan alıb.