İran Xəzər konvensiyasının ratifikasiyasını hansı məqsədlə gecikdirir…

335

Yeganə Hacıyeva: “Rusiya sahilyanı olmayan başqa ölkələrin Xəzərdə hərbi qüvvələr yarada biləcəyindən ehtiyat edir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran parlamentinin tezliklə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanı təsdiq edəcəyinə ümidvar olduğunu bildirib. Bunu Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada keçirilən mətbuat konfransında deyib:

“Xəzər dənizinə və bu bölgənin işlərinə xarici dövlətlərin müdaxilə üçün zəmin hazırladıqlarına gəlincə, həmsöhbətlərimizə, dostlarımıza Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın ən qısa müddətdə qüvvəyə minməsini təmin etməli olduğumuzu dəfələrlə vurğuladıq. Bu, Xəzər böldəsinə aid olmayan istənilən dövlətin dənizdə hərbi qüvvələrinin olmasını açıq şəkildə qadağan edir. Konvensiya tam ratifikasiyadan sonra qüvvəyə minəcək “.

O bildirib ki, hazırda məsələ İran parlamentində nəzərdən keçirilir: “Ümid edirəm ki, ratifikasiya qərarı tez bir zamanda qəbul ediləcək və bundan sonra konvensiya Xəzər dənizində müvafiq rejimi təmin edən beynəlxalq hüquqi sənədə çevriləcək”.

Maraqlıdır, İran Xəzərin hüquqi statusu ilə bağlı sənədi niyə gecikdirməkdə maraqlıdır?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Xəzər Konvensiyasına görə, Xəzər dənizi digər açıq dənizlərə şamil olunan BMT-nin Dəniz hüququna dair 1982-ci il Konvensiyası və ya transsərhəd qonşuların münasibətləri zamanı istifadə edilən prinsiplər şamil oluna bilinməyəcəyi xüsusi hüquqi statusu alıb: “Bu, qapalı su hövzəsi statusudur. Konvensiya çərçivəsində imzalanmış sənədlərdə təhlükəszilik risqləri və aspektləri nəzərə alınmaqla üzv ölkələrin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində, Xəzər dənizində insidentlərin qarşısının alınması istiqamətində səlahiyyət, məsuliyyət və öhdəlikləri müəyyənləşdirilib. İran hər zaman Xəzər dənizinin Azərbaycan hissəsində beynəlxalq hüququn müddəalarının pozulması ilə müşayiət edilən addımlar atıb. Xəzərin dibinin və təkinin bölünməsi üçün yekun xətlərin cızılması, təyin edilməsi metodunu müəyyənləşdirən mexanizmlərin mövcud olmaması səbəbindən İran Xəzərin dibi və təkində qonşu dövlətlərin sərhədlərini pozur. Hüquqi status tərəflərə Xəzər dənizinin mübahisəli hissələrində Konvensiyaya üzv ölkələrdən başqa digər ölkələrin hərbi qüvvələrinin  hərbi birlik yaratmasına mane olur. 1991-ci ildə keçmiş Sovetlər birliyi dağılana qədər Xəzər ancaq SSRİ və İran arasında bölüşdürülüb. SSRİ dağılandan sonra yeni ölkələrin yaranması ilə yeni iştirakçılar-payçılar meydana çıxdı. İran hər zaman  Xəzərin dəniz deyil, göl kimi tanınmasında israr edirdi, lakin diğər dörd ölkədən heç biri bununla razılaşmadı. Çünki Xəzər dəniz olaraq Beynəlxalq Dəniz Qanununa, Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququna dair 1982-ci il Konvensiyasına tabe olurdu. Birləşmiş Millətlər Təşkilatının Dəniz Qanunu isə məcburi sənəd kimi ölkələrin dünya okeanından necə istifadə edə biləcəyi ilə bağlı qaydaları müəyyən edir. Bu məcburi sənədlə təbii resurslar, ərazi hüququ və ətraf mühit kimi sahələrdə hüquqlar yalnız sahilyanı ölkələrlə məhdudlaşmır. Başqaları da burada resurs axtara bilər. Xəzərə göl kimi yanaşdıqda isə, onun sahəsi beş ölkə arasında bərabər bölünmüş olacaqdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran parlamentinin tezliklə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı təsdiq edəcəyinə dair fikirləri ona əsaslanır ki, imzalanmış konvensiya Xəzərə xüsusi hüquqi status verir. Yəni hazırda Xəzər nə dəniz, nə də göl statusunu qəbul edib. Ərazi sularından kənarda bütün sahilyanı ölkələrə giriş azadlığı verilir, təbii sərvətlərlə zəngin olan dəniz dibi isə bölünür. “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İranın tezliklə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanı təsdiq etməsi üçün təlaşı nədən qaynaqlanır” sualına gəlsək, burda təhlükəsizlik risqləri böyük rol oynayır. Çünki Konvensiya üzv ölkələrdən kənarda digər ölkələrin hərbi qüvvələrinn orada hərbi birlik yaratmasına mane olur. Rusiya sahilyanı olmayan başqa ölkələrin Xəzərdə hərbi qüvvələr yarada biləcəyindən ehtiyat edir. Çünki sahilyanı ölkələrdən bəzilərinin öz təhlükəsizliklərini möhkəmləndirmək  üçün bu istiqamətdə ciddi planları var. Əfqanıstandakı son hadisələrlə Mərkəzi Asiyada formalaşan təhlükəsizlik risqləri bu planları ölkələri üçün vacib edir”.

Məhəmmədəli QƏRİBLİ