Ömrünün 65 ilini dənizçiliyə həsr edən kapitan Aslan Musayevin 91 yaşı tamam olur

240

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) veteran dənizçilərin ziyarət olunması artıq ənənəyə çevrilib. Bu dəfə  ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin, eləcə də Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları 91 yaşını qeyd edən kapitan Aslan Musayevin evində olublar.

Qonaqlar ASCO sədri Rauf Vəliyevin timsalında bütün kollektivin salamlarını və təbriklərini qocaman dənizçiyə çatdırıb, eyni zamanda onun qayğıları ilə maraqlanıblar. Aslan Musayev  son bir ildə ölkəmizdə baş verən siyasi-ictimai prosesləri yaxından izlədiyini qeyd edib. O, Vətən müharibəsində ordumuzun qazandığı şanlı qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

Söhbət zamanı dənizçinin keçdiyi həyat yolu və fəaliyyəti xatırlanıb. Qocaman kapitan sevimli peşəsi haqqında xoş xatirələrini bölüşüb. Aslan Musayev ziyarətə görə həmkarlarına təşəkkürünü bildirib, ASCO ailəsinin hər bir üzvünə fəaliyyətlərində uğurlar arzulayıb.

Xatırladaq ki, Aslan Musayev 1952-ci ildən 2009-cu ilədək fasiləsiz Gəmiçilikdə müxtəlif vəzifələrdə çalışıb. O, işlədiyi müddətdə hər zaman məsuliyyəti, xeyirxahlığı, nizam-intizamı ilə seçilib və humanistliyini qoruyub saxlayıb.

seanews.az