Çin dünyanın ən böyük patrul gəmisini inşa edib

222

Çinin Sahil Mühafizə Xidmətinin istifadəsinə yeni patrul gəmisi verilib. “Haixun 09” adlanan bu qeyri-adi su nəqliyyat vasitəsi dünyanın ən böyük patrul gəmisi sayılır. AzVision.az xəbər verir ki, Çin bu gəminin tikintisini hələ 2014-cü ildə sifariş veribmiş və onun ərsəyə gəlməsi 100 milyon dollardan çox başa gəlib.

“Haixun 09”un yerdəyişmə qabiliyyətinin 13 min ton, gövdəsinin uzunluğu 165, eni isə 20,6 metr olduğu bildirilir. Qeyd edək ki, bu cür ölçülər raket daşıyan kreyserlərin parametrlərinə uyğundur. Məsələn, Rusiyanın “Varyaq” raket kreyseri 11 min ton yerdəyişmə gücünə malikdir, gövdəsinin uzunluğu isə 186 metrdir. Elə Çinin “Type 055” esmineslərinin də gövdə uzunluğu 183, eni isə 22 metrdir.




Pekinin təqdim etdiyi yeni patrul gəmisinin göyərtəsində dəniz helikopterləri üçün əlavə yanacaq çənləri və anqarlar da var. Qeyri-rəsmi məlumatlara görə, belə bir gəmi həm “mülki missiyalar”, həm də “hibrid” hərbi əməliyyatlar – mübahisəli adalar yaxınlığındakı sularda patrul xidməti aparmaq, dəniz desantlarının ərazilərə atılmasına kömək etmək, hərbi gəmilərə yanacaq doldurmaq və rabitə gəmisi kimi fəaliyyət göstərmək üçün istifadə oluna bilər.