Texas A&M Universitetinə qəbul olan ilk ADDA məzunu

233

Emin Sədirov 1991-ci il sentyabrın 8-də Biləsuvar rayonunun Xırmandalı kəndində dünyaya göz açıb. O, 30 yaşına böyük uğurla qədəm qoyub.

Gəmilərin layihələndirilməsi və inşasına olan böyük həvəsi  onu 2009-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına gətirib çıxarır. Dörd ildə “Gəmiqayırma və gəmi təmiri” ixtisasının sirlərinə dərindən yiyələnir. ADDA-nı bakalavr kimi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanır.

2015-ci ildə Ordu sıralarından tərxis olunan Emin təhsilini Akademiyanın magistratura pilləsində davam etdirir. “Gəmi mexanikası” fakültəsində oxuduğu müddətdə həm də ADDA-nın nəzdindəki Azərbaycan Dənizçilik Kollecində müəllim kimi çalışır.     

Magistraturanı bitirərək ADDA-nın “Gəmi mexanikası”, sonradan “Gəmi sürücülüyü” fakültəsinin “Gəmiqayırma və gəmi təmiri” kafedrasında böyük laborant kimi fəaliyyətə başlayır. Hazırda həmin kafedranın böyük laborantı və müəllimidir.

Bütün bu müddətdə Emin xaricdə təhsil almaq fikrindən heç vaxt daşınmır. Məqsədinə çatmaq üçün bütün səy və bacarıqlarını ortaya qoyur. 

Bir müddət sonra ABŞ-ın 40 ən yaxşı universitetləri arasında yer alan Texas A&M Universitetinə qəbul olmaq üçün imtahanlara qatılır. Nəhayət, 2021-ci il iyunun 8-də bu nüfuzlu təhsil müəssisəsindən “Okean mühəndisliyi” ixtisasına qəbul olunması ilə bağlı sevindirici məktub alır. Bununla da, Emin Texas A&M Universitetinə cari ildə qəbul olan 32 xarici tələbədən biri olur.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.11.2021-ci il tarixli maliyyələşmə əmrinə əsasən Emin Sədirov təhsilinin Doktorantura pilləsini dekabrın 16-dan ABŞ-ın Texas A&M Universitetinə davam etdirəcək.

Qeyd edək ki, Eminə dövlətin maliyyə dəstəyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində göstəriləcək.

Texas A&M Universitetinin qəbul komissiyası, müəllim və professor heyəti Emin Sədirovu mütəxəssis kimi yetişdirdiklərinə görə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbər və müəllim heyətinə təşəkkürlərini bildiriblər.

Emin isə bu uğuru ömrünün 30-cu ilinə özünün ən gözəl hədiyyəsi hesab edir. Qarşıda onu daha böyük uğurlar gözləyir.

Musa Əliyev – ASCO-nın İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı

seanews.az