Zəfər Günü və Dövlət Bayrağı Gününüz mübarək!

576

Əziz həmkarlar!

Qarşıdan bütün xalqımız üçün bir-birindən əlamətdar günlər gəlir. Sizi 8 noyabr Zəfər Günü və 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.

İndi biz böyük iftixar, sonsuz qürur hissi ilə həm Zəfər Gününü, həm də Dövlət Bayrağı Gününü qeyd edirik.

Ötən il haqq savaşı apararaq 30 il davam edən işğala son qoyduq, tarixi ədaləti bərpa etdik.  Bu Böyük Qələbəni bizə bəxş edən, savaşın önündə gedən Müzəffər Ali Baş Komandanın, Rəşadətli Ordumuzun hər bir üzvünün qəhrəmanlığı və fədakarlığı isə sonsuzadək minnətdarlıqla xatırlanacaq.  Onlar Vətən üçün haqqı ödənilməyəcək zəhmət çəkdilər. Döyüşlərdə Vətənə, torpağımıza, müstəqil Azərbaycana, millətimizin bu gününə və gələcəyinə sədaqət göstərmiş hər bir vətəndaşımıza, o cümlədən dənizçilərə dərin minnətdarlığımı bildirirəm. Şəhidlik zirvəsinə yüksələn, canından keçən  qəhrəmanlarımızın  ruhu qarşısında baş əyirəm.

Müstəqil dövlət qurmaq və müstəqilliyini təcəssüm etdirən bayrağını göylərdə dalğalandırmaq səadəti hər xalqa nəsib olmur. Sevindiricidir ki, ötən il 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq uzun illərdir qəlbimizdə yaşatdığımız “Bayrağımız Qarabağda dalğalansın” arzumuzu da gerçəkləşdirdik.

Üçrəngli bayrağımızın azad olunmuş torpaqlarımızda dalğalanmasını təmin etməklə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi, onun ideallarına sadiqliyini bir daha nümayiş etdirdi.

44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz Qarabağda üçrəngli bayrağımızla bərabər, xalqımızın milli ruhunu da yüksəltdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vətən müharibəsinin ilk günlərində xalqa müraciətində dediyi kimi,  “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”.

Bu müqəddəs dua və arzu 44 gün ərzində reallaşdı. Bu gün isə azad edilmiş torpaqlarımızda geniş quruculuq işləri aparılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir.

Əziz dənizçilər!

Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər xalqımızın gələcək tarixində hər zaman qəhrəmanlıq, rəşadət bayramı kimi qeyd olunacaq. Bayrağımız daim yüksəklərdə dalğalansın və Qələbə əbədi bizimlə olsun!

8 noyabr Zəfər Gününüz və 9 noyabr Dövlət Bayrağı Gününüz mübarək!

Rauf Vəliyev,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri

adda.edu.az