Dənizçiləri mühacirlərin qeyri-qanuni daşınmasına cəlb ediblər

229

Xarici gəmilərdə işləmək və miqrantları qeyri-qanuni daşımaq üçün dənizçilər cəlb edən şəxs Odessada saxlanılıb.

“Seanews.az”-ın məlumatına görə, şübhəli şəxs kimi saxlanılan 32 yaşlı Xerson sakini işində və sənədlərində problem olan dənizçilərdən yaxtalarda və digər kiçik gəmilərdə miqrantları qeyri-qanuni yollarla Avropa ölkələrinə daşımaq üçün istifadə edib.

Müəyyən edilib ki, xersoniyalı xaricdəki şəxslərlə əlbir olaraq maddi vəziyyəti ağır olan, kiçikhəcmli dəniz gəmilərinin idarə olunması üzrə təlim keçmiş və ya keçməyə hazır olan vətəndaşları seçib və onları Aİ ölkələrindən birinə – “işəgötürənin” sərəncamına göndərib.

Xerson sakininin xaricdəki şərikləri isə həmin dənizçiləri Avropa Birliyinin müxtəlif ölkələrinə yaxtalarda qeyri-qanuni mühacirlərin daşınmasına cəlb ediblər.

Şübhəli şəxs hazırda istintaq təcridxanasındadır və onun barəsində həbs-qətimkan tədbiri seçilib.