Azərbaycanda hasil edilən neft və qaz həcmi AÇIQLANIB

329

Azərbaycanda dekabr ayının 1-nə olan göstəricilərə əsasən 31 milyon 554,1 min ton əmtəəlik xam neft, 29 milyard 427,3 milyon kubmetr əmtəəlik təbii qaz hasil edilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əmtəəlik neft hasilatı əvvəlki dövrlə müqayisədə eyni səviyyədə qalsa da, əmtəəlik qaz hasilatı isə 23 faiz artıb.

Bu dövr ərzində ölkədə 31 milyon 613,4 min ton qaz kondensatı daxil olmaqla xam neft, 39 milyard 697,5 milyon kubmetr təbii qaz hasil edilib.

Magistral neft kəmərləri ilə 32 milyon 53,4 min ton neft nəql edilib. Nəqletmənin 75,2 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 24 milyon 110,2 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 32 milyon 12 min ton tranzit nefti də nəql edilib.

Həmçinin, magistral qaz kəmərləri ilə 31 milyard 592,5 milyon kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,2 faiz artım müşahidə olunub.

Qazın nəqlinin 50,4 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 15 milyard 922,9 milyon kubmetr qaz ötürülüb.