Dənizçilər arasında 2021-ci ilin son idman tədbiri başa çatıb

483

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) işçiləri və struktura daxil olan digər qurumların əməkdaşları arasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş mini-futbol turniri başa çatıb.

Turnirin final oyunları gərgin mübarizə şəraitində baş tutub.

III və IV yerlər uğrunda mübarizədə ASCO (Aparat) və “Grand Catering”in komandaları üz-üzə gəlib. Hər iki komandanın futbolçuları maraqlı oyun nümayiş etdiriblər. ASCO 7-3 hesabı ilə rəqibini üstələyib.

Finalda “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu ilə “Bibiheybət” Gəmi Təmiri Zavodunun futbolçuları yaşıl meydançaya çıxıblar. ZGTTZ-nin komandası 6-3 hesabı ilə qalib gəlib.

Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə baş tutan turnirdə ümumilikdə 6 komanda iştirak edib. Bunlar ASCO (Aparat), Dəniz Nəqliyyatı Donanması, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, “Bibiheybət” Gəmi Təmiri Zavodu, “Grand Catering”, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin əməkdaşlarından ibarət komandalar olub.

Qeyd edək ki, ASCO-da əməkdaşlar arasında mütəmadi idman yarışları təşkil olunur. Məqsəd dənizçilərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.

seanews.az