Yeni ildə canınız sağlam, süfrələriniz bərəkətli, işləriniz uğurlu olsun!

487

Əziz həmkarlar! 

Qarşıdan bir-birindən gözəl bayramlar gəlir. Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, bir gün sonra isə yeni təqvim ilini qeyd edəcəyik. Sizi xalqımızın milli və mənəvi bütövlüyünü, azərbaycançılıq məfkurəsinə sədaqətini təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və müstəqil respublikamızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.   

Hər bir xalqın varlığını şərtləndirən, birliyini, bütövlüyünü təmin edən amillərdən biri onun milli həmrəyliyidir. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev hələ müstəqilliyimizin ilk aylarında, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 1991-ci il dekabrın 16-da ilin son gününü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.  

Artıq tarixə çevrilən 2021-ci təqvim ili yaddaşımızda ilk növbədə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha qüdrətli Azərbaycan naminə həyata keçirilən əzəmətli layihələr, xüsusilə otuz il işğal altında olan ərazilərimizə Böyük Qayıdış üçün görülən möhtəşəm işlərlə yadda qalacaq. Hətta inkişaf etmiş bir çox ölkələrin belə, siyasi və iqtisadi problemlərin məngənəsində sıxıldığı ildə Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atması hər birimizi qürurlandırır.

2021-ci il beynəlxalq standartlara uyğun fəaliyyət göstərən ASCO üçün də uğurlu oldu.  Dövlət başçımızın diqqət və qayğısı ilə donanmalarımızın yenilənməsi 2021-ci ildə də davam etdirildi.  Gəmiçiliyin fəaliyyətinin şaxələndirilməsinə imkan verən,  Xəzərdə aparıcı mövqeyimizin qorunub saxlanılmasında, qitələrarası mühüm tranzit və logistika mərkəzinə çevrilən ölkəmizin ərazisindən artan yükdaşımalara yaranan tələbatın ödənilməsində və dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm rol oynayan yeni ən müxtəlif gəmilərin dənizçilərimizin ixtiyarına verilməsi bir cür sevinc, onların məhz Bakı Gəmiqayırma Zavodunda istehsalı isə ayrı sevincdir. Yaxın-uzaq sularda müvəffəqiyyətlə istismar edilən və bütün parametrlərinə görə sələflərini xeyli üstələyən bu gəmilərdə dənizçilərimiz özlərini daha inamlı hiss edirlər. Bu da ən çətin səfərlərin belə uğurla başa çatdırılmasında mühüm rol oynayır.

Cari il martın 1-də möhtərəm Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakı Gəmiqayırma Zavodunda RoPax tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində, dünyada ilk dəfə məhz Bakıda yaradılan “Suraxanı” tanker-muzeyin, Dənizkənarı Milli Park ərazisində fədakar dənizçilərin xatirəsinə ucaldılmış abidənin,  həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışında iştirak etmələri, sentyabrın 10-da isə dövlət başçımızın “Kəlbəcər”  tankerinin istismara verilməsini  bildirən rəmzi lenti kəsməsi  bizə sonsuz sevinc bəxş etməklə yanaşı, həm də cavabdeh olduğumuz iş üçün məsuliyyət hissimizi artırdı.

Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO-nun sifarişi ilə “Akademik Zərifə Əliyeva” adlı RoPax tipli gəmi-bərənin, eləcə də “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ikinci mərhələsinin tikintisi qrafikə uyğun davam etdirilir. Bundan başqa, daha bir tanker üzrə işlər tikintisinin birinci mərhələsindədir. 

Dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə böhranının yaratdığı problemlər fonunda ölkə iqtisadiyyatının bütün sahələrində uğur qazanılması həm də təməli Ulu Öndər tərəfindən  qoyulan və möhtərəm Prezidentimizin layiqincə davam etdirdiyi kursun alternativsizliyinin göstəricisidir.

Əminəm ki, kollektivimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və ölkə həyatının bütün sahələrində daha böyük yüksəlişi təmin edəcək yeni islahatlar konsepsiyasını Yeni ildə əməli işi ilə dəstəkləyəcək, dəniz nəqliyyatı qarşısında qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artmasına sanballı töhfə verəcək.

          Əziz həmkarlar!

          Yeni ildə canınız sağlam, süfrələriniz bərəkətli, işləriniz uğurlu olsun!

 Rauf  VƏLİYEV,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri