Ötən il Xolmsk sahillərində saya oturan gəmi neft məhsullarından tamamilə təmizlənib

277

Dənizdə Xilasetmə Xidmətinin Saxalin bölməsinin peşəkar xilasedicilər qrupu Syerra-Leone bayrağı altında üzən və  ötən ilin axırlarında Xolmsk sahillərində saya oturan “Xing Yuan” gəmisini neft məhsullarından tamamilə təmizləyib.    

“Seanews.az” xəbər verir ki, artıq quru yük gəmisi ətraf mühit üçün heç bir təhlükə yaratmır.

Xatırladaq ki, “Xing Yuan” yük gəmisi ötən ilin dekabrında sahildən 50 metr aralıda saya oturub. Gəminin əsas mühərriki işləməyib, enerji təchizatı olmayıb. Kapitanın müraciətindən sonra gəminin heyəti təxliyə edilib. Hadisədən dərhal sonra əraziyə Saxalin bölməsinin xilasediciləri gəlib. Saya oturmuş gəmiyə baxış keçirilib, onun dalğıc müayinəsi aparılıb. Gəminin vəziyyəti, qəza yeri ətraflı öyrənildikdən, sahibi ilə məsləhətləşmələrdən sonra quru yük gəmisinin neft məhsullarından tamamilə təmizlənməsi qərara alınıb.

Ümumilikdə əməliyyat zamanı xilasedicilər tərəfindən 39,6 kubmetr dizel yanacağı, 106,6 kubmetr mazut,  7,8 kubmetr mühərrik yağı, 0,97 kubmetr neft məhsullarının qarışığı zərərsizləşdirilməsi üçün təhvil verilib.

Neft məhsullarının sahilə çatdırılması üzrə işlər başa çatdıqdan sonra arakəsmələrin, yanacaq çənlərinin divarlarının xüsusi reagentlərlə maksimum təmizlənməsi həyata keçirilib.

Gəmi sahibinin nümayəndələri qəza gəmisini hərtərəfli yoxlayıblar. Xilasetmə əməliyyatlarının bütün nəticələri protokolda qeyd olunub.

“Xing Yuan” quru yük gəmisinin sonrakı taleyinə onun sahibi tərəfindən yaxın günlərdə aydınlıq gətiriləcək.