ASCO-nun İR komandası “İnsan resursları texnologiyaları üzrə ən yaxşı strategiya” nominasiyasının qalibi olub

329

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnsan resurslarının idarəedilməsi departamenti Azərbaycan İR İnstitutunun təşkilatçılığı ilə keçirilən «Baku International HR Forumu»nun  (BIHRF) iştirakçılarından olub.

ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin (İRİD) rəisi Sevda Məmmədova Forumun “İnsan kapitalının inkişafı” panelində spiker kimi çıxış edib. O, “İşəgötürən tərəfindən işçilərin psixoloji sağlamlıq və stresinin idarəedilməsinin vacibliyi” mövzusunda Forum iştirakçıları ilə fikirlərini bölüşüb. Qeyd edib ki, bu məsələ pandemiya dövründə xüsusi əhəmiyyət daşıyıb.

ASCO-nun İR komandası Forum çərçivəsində keçirilən “HR AWARDS 2022” mükafatlandırma mərasimində “İnsan resursları texnologiyaları üzrə ən yaxşı strategiya” nominasiyası üzrə qalib olub. Mükafatı Even Bolstad İRİD rəisi Sevda Məmmədovaya təqdim edib.

Qeyd edək ki, “HR AWARDS” kateqoriya üzrə 15 Təşkilat / Komanda və 2 Fərdi/ İndividual nominasiya nəzərdə tutulub. “HR AWARDS 2022” mükafatlandırmasının ədalətli keçirilməsi üçün 5 nəfər bərabərhüquqlü əcnəbi və yerli İR peşəkarlarından ibarət”Juri Ekspert” komissiyası yaradılıb. Komissiya müraciətləri təsdiqlənmiş meyarlar əsasında “SMART” qiymətləndirmə metodu ilə qiymətləndirilib.

İlk dəfə keçirilən “Baku International HR Forum” İnsan resurlarının idarəedilməsi ilə bağlı ən son trendlər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal tədbirdir.

Forumda Miçiqan universitetinin professoru, İR sahəsi üzrə 15-dən çox kitabın müəllifi Deyvid Ulrix,  İR idarəedilməsi üzrə Avropa Assosiasiyasının prezidenti Even Bolstad,  Orta Şərq və Şimali Afrika regionu üzrə SHRM-ın icraçı direktoru Vivek Arora, Azərbaycan,  Ukrayna və Türkiyənin nüfuzlu şirkətlərini təmsil edən 16 spiker çıxış edərək fərqli mövzularda müzakirələr həyata keçirib.  

Onu da qeyd edək ki, «Baku International HR Forumu»nun iştirakçıları ASCO-nun “Suraxanı” gəmi-muzeyində olublar. Onlara Azərbaycanda və dünyada gəmiçiliyin tarixi, reallaşdırılan layihələr barədə geniş ekskursiya təşkil edilib.

asco.az