Belarus Sankt-Peterburq yaxınlığında öz limanını tikmək üçün razılıq alıb

225

Belarus Sankt-Peterburq yaxınlığında öz limanını tikmək üçün Rusiyanın razılığını alıb. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra bildirib.

“Seanews.az” xəbər verir ki, yeni liman Litva limanlarından yan keçməklə milyonlarla ton Belarus yükünün daşınmasına imkan verəcək.

Son vaxtlara qədər ekspertlər bu ehtimal haqqında çox ehtiyatla danışırdılar. Bu mövzuda ilk ciddi söhbətlər 2020-ci ilin avqustunda ortaya çıxdı. Belarus rəhbəri Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşdə regionda birgə dəniz limanının tikintisini təklif edib. Layihə Belarus AES-in tikintisi zamanı qənaət edilmiş vəsait hesabına maliyyələşdirilə bilər. Bu AES Rusiya krediti hesabına tikilir. Həmin dövrdə Belarus prezidenti ölkəsinin hökumətinə dost olmayan Litvadan digər ölkələrə bütün ticarət axınlarının yenidən istiqamətləndirilməsi üçün təkliflər hazırlamağı tapşırıb.

Litvada belə bir fikrə şübhə ilə yanaşırdılar. RBC-nin məlumatına görə, nəqliyyat və kommunikasiyalar naziri Yaroslav Narkeviç bildirib ki, Belarusun ixrac axınını nə Latviya, nə də Sankt-Peterburq limanları vasitəsilə yönləndirmək imkanı yoxdur.

Görünür, indi belə bir fürsət yaranacaq. Belarus lideri layihənin ən qısa zamanda həyata keçiriləcəyinə ümid edir.

“Mən ruslardan xahiş etdim ki, bizə kömək etsinlər – söhbət puldan getmir, bunun üçün pul var ki, biz Sankt-Peterburq yaxınlığında öz limanımızı tikək və milyonlarla ton yükü orada aşıra bilək,” – deyə Belarus prezidenti bildirib.

Əvvəllər Minsk Rusiyanın Ust-Luqa limanında yüklərin daşınması üçün terminal tikməyi planlaşdırırdı. Bu fikri Aleksandr Lukaşenkonun özü Leninqrad vilayətinin qubernatoru ilə görüşdə səsləndirib.

Bununla yanaşı, ötən ilin yanvarında Latviya limanlarının yük dövriyyəsi 2020-ci ilin yanvar ayı ilə müqayisədə demək olar ki, 2,8% artaraq 3,74 milyon ton təşkil edib. Bununla belə, pandemiyadan əvvəlki 2019-cu ilin yanvar ayına nisbətən dövriyyə 34% azalıb.