Xəzər Dəniz Neft Donanmasının veteran əməkdaşı Səfail Əliyev 75 illik yubileyini qeyd edir

270

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) veteran əməkdaşı, gəmi mexaniki Səfail Əliyev 75 yaşını qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin və  Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.

Görüşdə Səfail Əliyevin dənizçilik sahəsindəki xidmətləri xatırlanıb. Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin xoş sözlərini çatdırıb cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Səfail Əliyev 1947-ci ildə Astara rayonun Pensər kəndində anadan olub.

O, 1965-ci ildə “Xəzərdənizneftdonanma” İdarəsində matros kimi əmək fəaliyyətinə başlayıb. Bir müddət elektrik, motorçu vəzifələrində işləyib. Odessa Dəniz İnstitutunda və Bakı Dənizçilik Məktəbində təhsil aldıqdan sonra mexanik kimi işləməyə başlayıb.

O, işlədiyi müddətdə bir çox diplom və mükafata layiq görülüb. 

asco.az