Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov ilə “Azərbaycanda Rusiyanın Gəmiçilik üzrə Registri” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədri Şaban Quliyev arasında görüş keçirilib

963

   16 mart tarixində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov ilə “Azərbaycanda Rusiyanın Gəmiçilik üzrə Registri” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədri Şaban Quliyev arasında görüş keçirilib.

    Görüş zamanı ölkəmizdə fəaliyyət göstərməsinə razılıq verilmiş təsnifat cəmiyyətləri ilə şəffaf, konstruktiv mühitdə əməkdaşlığın vacibliyindən danışılıb və “Azərbaycanda Rusiyanın Gəmiçilik üzrə Registri” ilə hazırkı əməkdaşlıq vəziyyəti təhlil edilib.

     Həmçinin görüş çərçivəsində dəniz nəqliyyatı sahəsinin rəqabətədavamlılığının təmin edilməsi istiqamətində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən gəmilərə texniki nəzarət sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə məlumat verilib.

    Görüşdə “Rusiyanın Gəmiçilik üzrə Dəniz Registri”nin Təsnifat Cəmiyyətləri Beynəlxalq Assosiasiyasında (IACS) üzvlüyünün birtərəfli dayandırılmasının əksər gəmiləri “Rusiyanın Gəmiçilik üzrə Dəniz Registri”ndə olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə mümkün təsirləri, o cümlədən beynəlxalq səfərlər həyata keçirən gəmilərin xarici limanlarda qarşılaşa biləcəkləri çətinliklər, təsnifat cəmiyyətinin gəmilərini itirmə ehtimalı və mövcud şəraitdən çıxış yolları barədə müzakirələr aparılıb.

ardda.gov.az