ADK-da 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

376

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecində (ADK) 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Kollecin müəllimləri ilə yanaşı, Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı da iştirak edib.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub. 

Həmçinin xalqımıza qarşı törədilən bu dəhşətli faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, eləcə də hadisənin gələcək nəsillərə tarixi faktlar əsasında ötürülməsi məqsədi ilə Quba şəhərində yaradılan Soyqırımı Memorial Kompleksi haqqında məlumat verilib. 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına qərar verib. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilib və 2013-cü il sentyabrın 18-də açılışı baş tutub.

asco.az