Ceyhan terminalından yola salınan neft tankerlərinin sayı 5 minə çatıb

269

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 5 mininci tanker Türkiyənin Adana vilayətindəki Ceyhan dəniz terminalında yola salınıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə BOTAŞ International Ltd və BTC-nin məlumatında deyilir.

Qeyd edək ki, 2006-cı ilin iyun ayından BTC-nin Türkiyə bölməsi BOTAŞ International Ltd (BIL) dövlət şirkəti tərəfindən idarə olunur. 2006-cı il iyunun 2-dən tankerlər dünya bazarına 3 milyard 813 milyon barrelə qədər xam neft çıxarıb.

“BOTAŞ International Ltd” şirkətinin baş direktoru Nadim Ekiz deyib ki, BTC boru kəməri sayəsində Türkiyə Şərq-Qərb enerji dəhlizinin mühüm iştirakçılarından birinə çevrilib.

Hazırda Azərbaycandan BTC boru kəməri ilə Azəri-Çıraq-Günəşli (AÇG) nefti və Şahdənizdən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.