Riqa-Stokholm xəttində səfərlər iyunun 3-dək təxirə salınır

292

Estoniyanın “Tallink” gəmiçilik şirkəti “COVID-19” pandemiyası səbəbindən iki il müddətinə dayandırılan və aprelin 6-da yenidən açılmalı olan Riqa-Stokholm marşrutunun bərpasını 2022-ci il iyunun 3-nə qədər təxirə salır. Bu barədə “AS Tallink Grupp”-un məlumatında ​​deyilir.

“Seanews.az” xəbər verir ki, bu qərar “hazırkı geosiyasi qeyri-müəyyənlik” ucbatından aprel və may aylarında sərnişinlər arasında aşağı səviyyədə bilet sifarişi, eləcə də bütün dünyada yanacağın qiymətinin əhəmiyyətli dərəcədə artması ilə izah edilir.

Baltik dənizinin şimal regionunda ən böyük gəmi operatorlarından biri olan “AS Tallink Grupp” bütün sərnişinlərlə əlaqə saxlayacaq və onlara alternativ variantlar təklif edəcək.

Daha əvvəl bildirilmişdi ki, “Tallink”  2022-ci ilin aprelindən Riqa-Stokholm marşrutu üzrə “İzabelle” bərəsinin müntəzəm səfərərini bərpa etmək niyyətindədir. Riqadan Stokholma ilk səfər aprelin 6-da baş tutmalı və gəmi həftədə üç dəfə Riqadan çıxmalı idi.

Bundan əlavə qeyd edək ki, “COVID-19” pandemiyası ilə əlaqədar 2020-ci ildə Riqa-Stokholm marşrutu üzrə müntəzəm bərə səfərləri dayandırılıb.