bp-nin Bakı buxtasında qazdığı quyu boş çıxdı

368

bp şirkəti Abşeron yarımadasının dayazsulu hissəsi (Shallow Water Absheron Peninsula, SWAP) layihəsi çərşivəsində ikinci kəşfiyyat quyusunun qazma işlərini yekunlaşdırıb.

Caspian Barrel “bp-Azərbaycan” şirkətinin məlumatına əsasən xəbər verir ki, müqavilə sahəsinin qərb perspektiv hissəsində ikinci kəşfiyyat quyusunun qazma işləri mart ayının ortalarında başa çatıb.

Kəşfiyyat quyusunun dərinliyi 4230 metr təşkil edib. “Qazma işlərinin yekunları üzrə quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmayıb”, – deyə şirkətin məlumatında qeyd edilib.

Xatırladaq ki, “Satti” özüqalxan qazma qurğusu ikinci geoloji-kəşfiyyat quyusunu Bibiheybət perspektiv sahəsində 2021-ci ilin 11 dekabr tarixində qazmağa başlamışdı. Qazma işləri sahildən 1,5 km aralıda dənizin dərinliyi təqribən 7 metrə çatan ərazidə həyata keçirilirdi. O zaman layihə dərinliyi 4400 metr olan ikinci kəşfiyyat quyusunu 4 ay müddətində qazıb qurtarmaq planlaşdırılırdı.

Reallıqda isə işlər 3 aydan bir qədər artıq müddətə yekunlaşdırıldı, layihə dərinliyinə hələ 170 metr qalsa da, qazma zamanı əldə edilən məlumatlar kəşfiyyat işlərini davam etdirməyin kommersiya əhəmiyyətinin olmadığını göstərib.

Caspian Barrel xatırladır ki, SWAP layihəsi çərşivəsində ilk kəşfiyyat quyusunun qazılmasına 16 avqust 2021-ci il tarixində Şimal Xali sahəsində start verilmişdi. Quyunun layihə dərinliyi 2424 metr, qazma müddəti isə 75 gün planlaşdırılsa da, bp şirkəti bu quyu üzrə işləri nə zaman yekunlaşdırdığına dair dəqiq məlumat açıqlamayıb. Ötən il dekabrın 22-də açıqlanan press-relizdə bəyan edilmişdi ki, “ilk kəşfiyyat quyusu ilkin layihə və plana uyğun olaraq bağlanmışdır”.

bp Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsinin operatordur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR – 50% və  LUKOİL  –  25%.