Kiprdə yaxtalar üçün yeni körpü və liman inşa ediləcək

327

“Seanews.az” xəbər verir ki, Kipr Respublikasının Prezidenti Nikos Anastasiadis cümə günü adanın infrastrukturunu yaxşılaşdırmaq üçün bu dövlətin tarixində ən böyük investisiya layihəsinin – Larnaka şəhərində yaxtalar üçün yeni körpü və limanın tikintisinin başlanmasına həsr olunmuş mərasimdə çıxış edib.

Dövlət başçısı bildirib ki, layihə körpü və limanın inkişafı ilə yanaşı, ərazidə yol şəbəkəsinin yenidən qurulmasını, yaşayış və ticarət zonalarının yaradılmasını da nəzərdə tutur. Onun həyata keçirilməsi 3000-dən 4000-dək iş yeri yaradacaq və Kiprin turizm sənayesinə və bütövlükdə adanın iqtisadiyyatına böyük fayda verəcək. Onun illik 120 milyon avrodan çox gəlir gətirəcəyi təxmin edilir.
Prezident xüsusilə Larnaka meri Andreas Virası və şəhərin bələdiyyə şurasını yeni liman planlarını həyata keçirdiklərinə görə təqdir edib. Vurğulayıb ki, liman və körpü layihəsi son bir neçə ildə Larnaka şəhərini canlandıran ən sonuncu layihədir və bütün bunların hamısı onun yaşamaq və biznes qurmaq üçün əla olan müasir Avropa şəhərinə çevrilməsinə töhfə verib. Larnaka limanının modernləşdirilməsi layihəsi bir neçə onilliklər ərzində inkişaf etdirilir və dəfələrlə təxirə salınıb. 2020-ci ildə tenderin qalibi olan İsrail-Kipr konsorsiumu “Kition Ocean Holdings Ltd” limanda 600 yaxta üçün körpü tikmək niyyətindədir. Yeni liman uzunluğu 115 metrə qədər olan şəxsi gəmiləri qəbul edə biləcək.