ASCO sədri təcrübəli dənizçi Faiq Xəlilovu yubileyi münasibətilə təbrik edib

349

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İstehsalat Xidmətləri İdarəsinin rəisi, kapitan Faiq Xəlilov 60 illik yubileyini qeyd edir. Bu münasibətlə ASCO-da Faiq Xəlilovla görüş keçirilib.

ASCO-nun sədri Rauf Vəliyev yubilyarı təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. Sədr Faiq Xəlilovun gəmiçilik sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib, dənizçiliyin inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirib.

Yubilyar öz növbəsində xoş münasibətə, göstərilən diqqət və qayğıya görə ASCO-nun rəhbərliyinə minnətdarlığını bildirib.

Faiq Xəlilov 1962-ci il aprelin 19-da Sumqayıt şəhərində dünyaya göz açıb.

1986-cı ildə Bakı Dəniz Yolları Məktəbini “Gəmi sürücülüyü”, 2005-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasını “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisası üzrə bitirib.

Faiq Xəlilov gəmiçilik sahəsində əmək fəaliyyətinə 1987-ci ildə matrosluqdan başlayıb. Daha sonra müxtəlif gəmilərdə kapitanın 3-cü, 2-ci və böyük köməkçisi işləyib. 2000-2005-ci illərdə kapitan kimi dənizçiliyə samballı töhfələr verib.

2005-ci ildə Xəzər Dəniz Yolları İdarəsi rəisinin müavini, 2006-cı ildə idarənin rəisi vəzifəsinə irəli çəkilib.

2014-cü ildən ASCO-nun İstehsalat Xidmətləri İdarəsinin rəisi işləyir.

Faiq Xəlilovun fədakar əməyi yüksək qiymətləndirilib. 2005-ci ildə “Dəniz Donanmasının fəxri işçisi” döş nişanına, 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.

asco.az