Misir Süveyş kanalında “yaşıl enerji” layihəsini həyata keçirəcək

228

Misir 72 kilometr uzunluğunda dünyanın ən uzun süni kanalı olan Süveyş kanalını “yaşıl marşruta” çevirmək üzərində işləyir. Bu plan ölkənin təmiz enerji üçün tranzit marşrutu olmaq istiqamətində yeni proqramında nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, dünya ticarətinin təxminən 12 faizinin həyata keçirildiyi Süveyş kanalı Aralıq dənizi və Qırmızı dənizi birləşdirir, Asiya ilə Avropa arasında ən qısa dəniz yolu, həmçinin Atlantik okeanından Hind okeanına ən sürətli keçidi təmin edir. Hazırda kanalın uzunluğunu 82 kilometrə çatdırmaq istiqamətində aparılan işlər çərçivəsində ekoloji davamlılıq standartlarının yaradılması və ənənəvi enerji mənbələrindən asılılığı azaltmaq nəzərdə tutulur. Misir Nazirlər Kabinetinin İnformasiya və Qərarlara Dəstək Mərkəzinin yaydığı infoqrafikaya görə, Süveyş Kanalı İdarəsi bu planı həyata keçirmək üçün bir sıra addımlar atıb, o cümlədən kanal boyunca bərpa olunan enerji istehsalı üzrə 16 genişləndirmə stansiyasını işə salıb. Bu obyektlərin bir hissəsi günəş və külək, qalanı isə qazla işləyir. Bundan başqa, maye təbii qazdan istifadə edən və ekoloji təhlükəsizlik standartlarını tətbiq edən gəmilər üçün bir təşviq paketi verilir.

Artıq Misir Nazirlər Kabineti Süveyş Kanalı İqtisadi Zonası boyunca yaşıl hidrogen istehsalı üçün ərazilərin ayrılmasına razılıq verib və bu sahədə beynəlxalq şirkətlərin təklifləri nəzərdən keçirilir. Baş nazir Mustafa Mədbuli bildirib ki, Misir Avropaya və bütün dünyaya təmiz enerji üçün tranzit marşrut olmaq niyyətindədir. Bu plan 2022-ci ilin noyabrında Şarm əl-Şeyxdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP27) beynəlxalq ictimaiyyətə təqdim olunacaq.