Çin “ADNOC L&S” üçün iki LNG tankeri inşa edəcək

250

Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) gəmiçilik və dəniz logistikası qolu olan “ADNOC Logistics & Services” (“ADNOC L&S”) iki yeni LNG daşıyıcısı sifariş edib.

“Seanews.az” xəbər verir ki, hər biri 175 min kubmetr tutumlu gəmilər 2025-ci ilədək “ADNOC L&S” şirkətinin donanmasının tərkibinə daxil ediləcək. Tankerlər Şanxaydakı Tszyannan gəmiqayırma zavodunda tikiləcək.

Bu nəhəng və enerjiyə qənaət edən qaz daşıyıcılarının alınması şirkətə müştərilərin artan tələbatını ödəməyə və ətraf mühitə təsirini minimuma endirməyə imkan verəcək. “ADNOC L&S”-in məlumatına görə, müasir dəniz mühərriki  zərərli tullantıları əhəmiyyətli dərəcədə, innovativ hava ilə yağlama sistemi isə yanacaq sərfiyyatını ən azı 10% azaldacaq.

“Donanmanın genişləndirilməsi şirkətimizin 2030-cu ilə qədər strategiyasının mühüm hissəsidir. Bundan əlavə, bu layihə çinli tərəfdaşlarımızla əməkdaşlığımızı genişləndirəcək”, – deyə “ADNOC L&S”-in  baş direktor Abdelkarim əl-Məsabi bildirib.

“ADNOC L&S” Yaxın Şərqdə ən böyük və çoxşaxəli yük gəmiləri və qayıqları olan donanmaya sahibdir. Şirkət xam neft, neft məhsulları, mayeləşdirilmiş neft qazı (LPG) və LNG-nin daşınması  ilə məşğuldur.