Sənaye sektoru ilə ali təhsil arasında boşluqların aradan qaldırılmasına dair müzakirələr aparılıb

241

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin (ASCO) İnsan resurslarının idarəedilməsi departamentinin rəisi Sevda Məmmədova, departamentin gənclərlə iş üzrə koordinatoru Gülçin Aslanova və təlim üzrə koordinatoru Nəsib Fətullayev “Sənaye sektoru ilə ali təhsil arasında boşluqların aradan qaldırılması” mövzusunda keçirilən konfransda iştirak edib.

Konfrans ADA universitetində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (Afchamber) tərkibində ADA universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin sədrlik etdiyi “Təhsil Komitəsi” və Samirə Nəcəfovanın sədri olduğu “İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitəsi”nin birgə təşəbbüsü ilə baş tutub.

Tədbirdə Azərbaycanda sənaye sektoru peşəkarlarının hazırlanmasında və işə götürülmə prosesində ali təhsil müəssisələrinin və sənaye şirkətlərinin üzləşdikləri başlıca çətinliklər müzakirə olunub. Bundan başqa, əmək bazarının ehtiyaclarının ödənilməsi və yeni məzunların işə cəlbi istiqamətində görülə biləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrdə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Palatanın İdarəedici Direktoru Zibar Hüseynova, sənaye sektoru üzrə yerli və beynəlxalq şirkətlərinin direktorları, insan resursları üzrə peşəkarları və ölkənin bu sahədəki əsas ali təhsil müəssisələrinin rektor, prorektorları və karyera mərkəzlərinin nümayəndələri də iştirak ediblər.