Azərbaycan Avropa ilə Asiya arasındakı təminat zəncirində əvəzedilməz ölkə statusu qazanır

340

Cari il ərzində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin, nəhayət, tam gücü ilə işə düşməsi gözlənilir. Belə ki,  bu dəhlizə daxil olan Rəşt-Astara dəmir yolunun tikintisi sürətlə davam edir və işlərin 68 faizi həyata keçirilib.

İranın dəmir yolu və liman tikintisi şirkətinin direktor müavini Abbas Xətibi bildirir ki, ötən il prezident İbrahim Rəisi Gilan vilayətinə səfəri zamanı dəmir yolunun çəkilişi ilə maraqlanaraq aparılan işlərə tanış olub və tikintinin davam etdirilməsi üçün 21 milyon dollar)vəsaitin ayrılması barədə sərəncam verib. Bu vəsaitlə dəmir yolunun cari ildə tikilib başa çatdırmaq mümkündür.

Abbas Xətibi Rəşt-Astara dəmir yolunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu yol İranı tranzit yükdaşımaların mərkəzinə çevirəcək. Xatırladaq ki, Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır və bu da “Şimal-Cənub” dəhlizinin əsas seqmentini təşkil edir. İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq. Əks istiqamətdə də yüklər həmin yolla daşınacaq ki, bu da yolun keçdiyi dövlətlərə ikiqat tranzit gəliri gətirəcək. Azərbaycan bu marşrutun mühüm iştirakçılarından biri olaraq “Şimal-Cənub” dəhlizinin formalaşması istiqamətində bir sıra vacib işləri həyata keçirib. Ələt-Astara magistral yolunun çəkilişi, Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulması ilə yanaşı, İran Astarası və Azərbaycan Astarasını dəmir yolu xətti ilə birləşdirib. Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin Rəşt-Astara hissəsi istismara verildikdən sonra Cənub Şərqi Asiya və Fars körfəzi ölkələrindən Avropaya və əks istiqamətə daşınan yüklər İran və Azərbaycan ərazisindən keçməklə Avropaya çatdırılacaq. Digər beynəlxalq marşrutlarla müqayisədə “Şimal-Cənub” dəhlizi ilə Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər mənzil başına 20 gün tez çatdırılacaq, nəqliyyat xərclərinə az vəsait tələb olunacaq. Dəhlizin mövcud geosiyasi proseslər fonunda da əhəmiyyəti xeyli artıb. Xüsusən də Rusiya üçün. Rusiya Baş nazirinin müavini Aleksandr Novak da etiraf edir ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Rusiyanın ticarət dövriyyəsinin inkişafını və məhsul tədarükünün logistikasını təmin edəcək: “Şimal-Cənub” nəqliyyat dəhlizi bu gün öz aktuallığını qazanır. Biz başa düşürük ki, sərhədlərin bağlanması və ticarət dövriyyəsini əvvəllər Qərb ölkələri ilə olan həcmdə təmin edə bilməmək bu dəhlizin əhəmiyyətini artırır”. Baş nazirin müavini vurğulayıb ki, bu marşrut Rusiyanın nəqliyyat kommunikasiyasının əsasına çevriləcək. Bir daha qeyd edək ki, dəhliz Avropa və Cənub-şərqi Asiya arasında sürətli və daha sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi daşıyır. Rusiya hökumətinin təmsilçisi Fedor Çernitsin isə bu fonda diqqəti ona yönəldir ki, Azərbaycan “Şimal-Cənub” dəhlizinin əsas halqasına çevrilə bilər. Onun fikrincə, Avrasiya İqtisadi İttifaqı regionu, Rusiya və qonşu ölkələr arasında tarixən yaxın əməkdaşlıq əlaqələri qurulub: “Hazırda Avrasiya İqtisadi İttifaqı ölkələri ticarət əlaqələrinin istiqamətlərini daha da genişlərndirirlər.Avrasiya inteqrasiya prosesləri Azərbaycan üçün də əhəmiyyətlidir, çünki Rusiya ilə Azərbaycan ticarət tərəfdaşlarıdır. O cümlədən, Rusiya Azərbaycandan qeyri-neft məhsulları idxal edir”. Rusiya Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davıdov isə qeyd edir: “Anti-Rusiya sanksiyaları və Rusiyanın Avropa ölkələri ilə yükdaşıma əlaqəsini əngəlləmək üçün birbaşa cəhdlər kontekstində “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyəti və tələbatı xüsusilə artır. Burada qeyd edək ki, Yaraq-Qazmalar sərhəd-buraxılış məntəqəsi Rusiya-Azərbaycan sərhədinin ən böyük və ən sıx keçid məntəqəsidir. Azərbaycan, Türkiyə və İrandan malların, ilk növbədə faraş meyvə-tərəvəzin Rusiyaya çatdırılmasının ritmi onun işindən asılıdır. Biz bu cür məhsulların prioritet rəsmiləşdirilməsini təmin etmək üçün bütün lazımi inzibati və təşkilati tədbirləri görürük”. Qeyd edəkki, bu günlərdə Rusiya-Azərbaycan sərhədində yerləşən Dağıstanın Yaraq-Qazmalar buraxılış məntəqəsində yük daşımaları üçün əlavə zolaq istifadəyə verilib.Bu, məntəqənin buraxılış gücünü 100 avtomobil artırmağa imkan verir. Məqsəd yük avtomobillərinin Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin ərazisindən sürətli çıxışının təmin edilməsi, növbədə gözləmə müddətinin əhəmiyyətli dərəcədə azaldılmasıdır. Bütün bunlar həm də onun təsdiqidir ki, dünyada geosiyasi vəziyyətin dəyişməsi Azərbaycan üzərindən keçən “Şimal-Cənub” dəhlizinin əhəmiyyətini artırır. Bu hadisələr Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün növbəti mərhələdir.  Eyni zamanda son hadisələr Zəngəzur dəhlizinin də əhəmiyyətini üzə çıxarır. Bu dəhliz nəinki “Şimal-Cənub” istiqamətində olan yükdaşımaları həyata keçirəcək, eyni zamanda Mərkəzi Asiyaya, Çindən Aralıq dənizə çıxışı təmin edəcək. Bütün bunlar  Azərbaycanı Avropa ilə Asiya arasında təminat zəncirində əhəmiyyətli oyunçulardan biri edəcək.

Ramil QULİYEV