Beynəlxalq dəniz sərnişin daşımaları bazarına yeni gəmiçilik şirkəti daxil olacaq

227

“Seanews.az” xəbər verir ki,  “Algerie Ferries” milli şirkətinin beynəlxalq dəniz sərnişin daşımaları sektorunda inhisarçı mövqe tutduğu Əlcəzairdə Nəqliyyat Nazirliyi özəl daşıyıcıların bazara daxil olmasına icazə vermək qərarına gəlib.

Ötən il Əlcəzairin Nəqliyyat Nazirliyinə təqdim edilmiş dəniz daşımaları layihələrindən 11-i bəyənilib, lakin onlardan hələlik yalnız biri icra səviyyəsinə qədər işlənilib.

Yeni gəmiçilik şirkəti “Aures trans” Oran limanını İspaniyanın Alikante və Fransanın Sete limanları ilə birləşdirəcək və hazırda fəaliyyət göstərən Oran-Alikante və Əlcəzair – Marsel marşrutlarına xidmət edən “Algerie Ferries” ilə rəqabət aparacaq sərnişin xətlərini artıq 2022-ci ilin iyununda işə salmaq niyyətindədir.  

“Aures trans” şirkəti bir neçə gəmi icarəyə götürməyi də planlaşdırır, lakin onların sayı və  tutumu barədə məlumat verilmir. Şirkət Oranda yerləşir.

“Algerie Ferries” 1987-ci ildə yaradılıb və dörd bərədən ibarət donanmaya malikdir, sonuncu gəmi keçən il Çinin Quançjoudakı tərsanəsində inşa edilib. Şirkət İspaniya və Fransaya həftədə bir səfər həyata keçirir.

Xatırladaq ki, özəl investorun bazara buraxılması milli aviadaşıyıcının tarif siyasətinin tənqidi ilə üst-üstə düşüb. Aprelin 24-də Nazirlər Kabinetinin iclasında dövlət başçısı Abdulməcid Tebbun bərə və aviabiletlərin qiymətlərinin aşağı salınmasını tələb edib.