Dünyanın ilk elektrik tankeri artıq istismar edilir

210

“Seanews.az” xəbər verir ki, Yaponiyada elektrik enerjisi ilə işləyən ilk yanacaq təchizatı tankerinin istismarına başlanıb.

“Asahi Tankers”-in donanmasına qəbul edilən “Asahi” adlı gəmidən Tokio körfəzində yanacaq təchizatı əməliyyatları üçün istifadə ediləcək.

Uzunluğu 62 metr və eni 10,4 metr olan tanker anbarlarına 1277 kubmetrə qədər neft qəbul etməyə qadirdir. “Asahi” gəmisinin hərəkət sistemi iki azipod elektrik mühərrikindən və güclü 3,480 kVt/saat litium-ion batareya dəsti ilə təchiz edilmiş iki sükan qurğusundan ibarətdir.

Eyni akkumulyatordan naviqasiya və məişət avadanlıqlarının işini, manevr, yanalma, həmçinin yükləmə-boşaltma əməliyyatlarını təmin edən bütün köməkçi mexanizmlər qidalanır.
Dolu akkumulyatorlar bir dəfəyə tankerə 10 knot sürətlə 100 mil məsafəni qət etmək imkanı verir. Tankerin akkumulyatorlarını doldurmaq üçün 10 saat vaxt lazımdır.

Gəminin bünövrəsi 2021-ci ilin dekabrında Yaponiyanın “Koa Sangyo” gəmiqayırma şirkətinin tərsanəsində qoyulub və bu il martın 30-da sifarişçiyə təhvil verilib. Aprelin 26-da yeni tanker İokohama limanında “Victorious Ace” avtomobil daşıyıcısına yanacaq vurmaqla artıq ilk yanacaq təchizatını həyata keçirib.

“Asahi Tankers” tamamilə elektrik enerjisi ilə işləyəcək daha bir tanker sifariş edib. Gəmi “Zosen KK” şirkətinin gəmiqayırma zavodunda inşa olunur və sifarişçiyə təhvil verilməsi 2023-cü ilin mart ayına planlaşdırılır.