Azərbaycan ərazisindən ixrac və tranzit daşımalara qlobal maraq sürətlə artır

291

“Bu yaxınlarda biz Çin şirkətlərindən bir neçə mesajlar aldıq ki, onlar karqo daşımalarını “Orta dəhliz” vasitəsilə ciddi şəkildə artırmaq istəyirlər. Bu dəhliz Çindən Azərbaycan, Xəzər dənizi və Gürcüstandan keçməklə ya Gürcüstanın dəniz limanlarına, ya da Türkiyənin Qars şəhərinə daşımanı nəzərdə tutur. Bu, bizim üçün yeni imkandır. Bizim nəqliyyat infrastrukturumuz tamamilə yenidir”.  Bu fikirləri öən ayın sonlarında ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçiriən beynəlxalq konfransda prezident İlham Əliyev səsləndirib.

Dövlət başçısı qeyd edib ki, əgər karqoda dramatik artım haqqında düşünürüksə, nəqliyyatda yükdaşıma potensialımızın genişləndirilməsinə də sərmayə qoymalıyıq: “Çünki bizim bütün layihələrimiz mövcud karqo həcmlərinə və yavaş artan karqo həcmlərinə əsaslanır. Lakin bu gün biz karqonun dramatik artırılmasına tələb müşahidə edirik. Buna görə, aidiyyəti dövlət qurumlarımıza təlimat verilmişdir ki, mənə hesabat versinlər, nə edə bilərik, dəniz ticarətimizin həcmini necə artıra bilərik, hansı ki, 15 milyon tondur. Biz onu qısa müddət ərzində 25 milyon tona qədər artıra bilərik. Əlbəttə ki, bütün bu daşımaları Azərbaycan vasitəsilə həyata keçirmək üçün bizim gəmiqayırma zavodumuzda yeni bərə gəmilərinin və tankerlərin tikintisi də vacibdir. Başqa sözlə, bu yeni imkanlar ilə tamamilə yeni vəziyyətdir”. Baş verənləri şərh edən dünya mediası da yazır ki, Azərbaycan üçün nəqliyyat, logistika, tranzit yükdaşımalar baxımından yeni vəziyyət yaranıb. Rusiya mətbuatı bu xüsusda qeyd edir ki, Azərbaycan ərazisindən ixrac və tranzit daşımaları getdikcə daha da populyarlaşır. Qeyd edilir ki, geosiyasi və iqtisadi vəziyyət logistikləri qərbdən şərqə və cənuba yük axınının istiqamətini dəyişməyə məcbur edib. Rusiyanın “RJD Loqistika” şirkətindən bildirilib ki, müştərilərin Avropa sərhədlərini keçməsi ilə əlaqəli olmayan bütün istiqamətlər üzrə daşımalara tələbat artıb. İxrac axını xüsusən Xəzər dənizi limanları və “Şimal-Cənub” nəqliyyat dəhlizi boyunca artıb. Şirkət konteyner daşımalarının, o cümlədən kömür, taxta, filiz və mineral gübrələrin artacağını proqnozlaşdırır. Amma Azərbaycanın yükdaşımalarda təkcə Rusiya və Çin üçün əhəmiyyəti artmır. Bu günlərdə məlum olub ki, Azərbaycanla Avstriya Çin və Avropa arasında multimodal daşımaları təmin edəcək. Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə Avstriyanın “Rail Cargo” şirkəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Tərəflər Avropadan Bakı-Tiflis-Qars dəmir yolu xəttindən keçməklə multimodal dəmir yolu yükdaşımaları, həmçinin yüklərin Rumıniyanın Konstanta Limanından Gürcüstanın Poti limanına, daha sonra Orta Asiya və Çin istiqamətində fasiləsiz və sürətli çatdırılmasını təmin etmək üçün birgə çalışacaqlar. Bu kontekstdə “ADY Konteyner” şirkəti həmçinin Gürcüstanın “GR Logistics” və “KTZ Express” şirkətləri ilə birgə, ASCO-nun dəstəyi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Poti-Konstanta limanları arasında fəaliyyət göstərəcək iritutumlu gəmilərlə konteynerlərlə yükdaşımalar həyata keçirəcək.  “Şair Vaqif” gəmisi ay ərzində üç dəfə olmaqla qeyd olunan limanlar arasında reys həyata keçirəcək. Hər reysdə gəmi vasitəsilə ilə iki blok qatar daşınacaq. “Rail Cargo” şirkəti 18 ölkədə fəaliyyət göstərir, 12 beynəlxalq logistika mərkəzinə və 16 terminala malikdir. Şirkətin illik yükdaşıma həcmi təqribən 94 milyon ton təşkil edir. Yükdaşımalrda iştirak edəcək “Metrans” şirkəti həftədə 200 blok qatarın göndərilməsini təmin edir”Bahnoperator” şirkəti tərəfindən Çin-Avropa istiqamətindən həftədə 20 konteyner qatarı yola salınır. Mərkəzi və Cənubi Avropada fəaliyyət göstərən bu şirkətlərin fəaliyyəti habın Şimali Avropadan Cənubi və Mərkəzi Avropaya keçməsinə və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yüklərin həcminin saxlanılmasına xidmət edir. Bu arada mərkəzi qərargahı Vaşinqtonda yerləşən “Atlantic Council” analitik mərkəzinin son hesabatına  əsasən, İranın Çabahar limanı Orta Asiya respublikaları ilə yanaşı, Qafqaz regionunun, xüsusilə Azərbaycanın iqtisadi inkişafında əhəmiyyətli rol oynaya bilər. Mərkəzin analitikləri hesab edirlər ki, müasir dünyada iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri logistika və beynəlxalq əhəmiyyətli nəqliyyat yollarıdır. Çabahar limanı yalnız İranın deyil, bütövlükdə regionun iqtisadi inkişafında mühüm rola malikdir. Qitələr arasındakı nəqliyyat əlaqələrinin qurulmasında Çabaharın əvəzolunmaz rolu ondan ibarətdir ki, bu liman vasitəsilə Asiyadan Avropaya və əks istiqamətə yüklərin daşınması daha tez və daha ucuz başa gəlir. İrandan Azərbaycana və Rusiyaya daşınan yüklər asanlıqla Avropaya çatdırılır. Limandan dünya iqtisadiyyatına daha çox töhfə verən Hindistan, Çin, Yaponiya və Cənub-Şərqi Asiyanın 15-dən çox dövləti istifadə etmək qərarına gəlib ki, bu da təsadüfi xarakter daşımır. Yük daşımalarının tez və ucuz başa gəlməsi ilə yanaşı, təhlükəsizlik də vacib amildir. Hindistanın Mumbai limanından yüklərin Çabahara, oradan isə Azərbaycan və Rusiya ərazisindən Avropaya daşınması daha təhlükəsizdir. Regional inkişaf məsələləri üzrə iranlı mütəxəssis Zəhra Tohidi qeyd edir ki, Çabahar coğrafi baxımdan Asiya, Avropa və Afrikanı birləşdirən bir limandır. Dünya əhalisinin 5 milyardı bu qitələrdə yaşayır və buradakı dövlətlər daim iqtisadi inkişafa can atır. İqtisadi inkişafı beynəlxalq əhəmiyyətə malik nəqliyyat yolları olmadan təsəvvür etmək mümkün deyil. Buna görə də Çabahar limanına Hindistan və Çinin sərmayə yatırmasını da təsadüfi hesab etmək olmaz. Çinin və Hindistanın inkişaf edən iqtisadiyyatı Avropaya yeni yolların açılmasını zərurətə çevirib. Bu baxımdan “Şimal-Cənub” dəhlizinin formalaşmasına xüsusi önəm verilir. Hindistanın “The United Service Institution of India” analitik institutunun eksperti Raciv Narayanan hesab edir ki, Ukraynadakı hadisələr “Şimal-Cənub” dəhlizinin Rusiya üçün mahiyyətini daha da artırıb. Rusiya neft və qaz məhsullarını da bu dəhliz vasitəsilə Asiyaya ixrac edə bilər. Bu yoldan yalnız Rusiya deyil, keçmiş SSRİ-nin bütün respublikaları istifadə edə bilər. Latviya, Litva, Estoniya, Belarus, Ermənistan, Gürcüstan, Azərbaycan, İran, Türkiyə Asiya qitəsi ilə bu dəhliz vasitəsilə iqtisadi əlaqələr qurmaq imkanındadırlar. Yaponiyanın “Asian Review” analitik mərkəzinin hesabatında isə deyilir ki, İran ərazisindəki Rəşt-Astara dəmir yolu tikilib istifadəyə verildikdən sonra Hindistanın Mumbai limanından başlayaraq Finlandiyanın limanlarında başa çatan “Şimal-Cənub” dəhlizi istismara hazır olacaq. Beləliklə, yuxarıda deyilənlərdən aydın olur ki, Çabahar limanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üçün nə qədər əhəmiyyətlidirsə, dəhlizə daxil olan dəmir yolu seqmenti də bir o qədər əhəmiyyətlidir. Hindistan, Çin və digər Cənub-Şərqi Asiya ölkələrindən Çabahar limanına daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Avropaya və əks istiqamətə daşınacaq. Hazırda Qəzvin-Rəşt yolu istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycanın “Şimal-Cənub” dəhlizi üzərində yerləşməsi onun logistika mərkəzinə çevrilməsi üçün böyük potensial yaradıb.

Ramil QULİYEV