“Logistika və nəqliyyat” ixtisası üzrə təhsil alan tələbələr Bakı Limanında yükaşırma prosesinin təşkili ilə tanış olublar

595

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və ARTİ-nin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH Magistratura” proqramının “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə təhsil alan tələbələri və müəllim heyəti Ələt qəsəbəsində yerləşən Bakı Limanına səfər edib.“Dəniz nəqliyyatı və Liman logistikası” adlı təlim kursunun praktiki hissəsi çərçivəsində təşkil olunan səfərdə, iştirakçılar Bakı Limanının terminallarının iş prinsipi ilə tanış olublar. 

Eyni zamanda iştirakçılara Ümumi yük terminalı və həmin terminalda qablaşdırılmış, səpkili və konteyner yüklərinin aşırılması qaydaları izah edilib. Həmçinin təhsilalanlara Ro-Ro terminalı və sözügedən terminalda özü hərəkət edən nəqliyyat vasitələrinin Ro-Ro gəmilərinə yüklənib-boşaldılması, Bərə terminalı və bu terminalda vaqonların bərə- gəmilərinə yüklənib-boşaldılması prosesi haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, Bakı Limanı ilə ARTİ arasında imzalanan Anlaşma Memorandumuna əsasən Bakı Limanının Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən AzTU-nun “SABAH Magistratura” proqramının iştirakçıları üçün tez-tez təlim kursları təşkil edilir. Digər kurslardan fərqli olaraq Bakı Limanının Təlim Mərkəzi tərəfindən tədris edilən bu kursalarda tələbələr təlim müddətində əldə etdikləri nəzəri biliklərin necə tətbiq edildiyini, limana səfər edərək təcrübədən keçirə bilirlər.  Bu dəfəki “Dəniz nəqliyyatı və Liman logistikası” adlı təlim çərçivəsində də iştirakçılara “Dəniz yolu ilə dünyada və Azərbaycanda yükdaşımaların qısa tarixi” , “Bakı limanı, həmçinin Xəzər dənizindəki, Türkiyə, Avropa və Rusiyadakı limanlar haqqında məlumat və statistik göstəricilər”, “Dəniz daşımalarını nizamlayan Beynəlxalq Konvensiya və Qaydalar” , “Dəniz yolu ilə yükdaşımalar zamanı istifadə olunan termin və qısaltmaların izahı” və sair bu kimi mövzular üzrə tədris həyata keçirilib.