Azərbaycanın nəqliyyat infrastrukturu tranzit yük axınının kəskin artmasına hazırdır

297

Azərbaycanın nəqliyyat infrastrukturu tranzit yük axınının kəskin artmasına hazırdır.

Bunu Trend-ə müsahibəsində TRACECA-nın Hökumətlərarası Komissiyasının Daimi katibliyinin daimi nümayəndəsi (milli katib) Rüfət Bayramov deyib.

Onun sözlərinə görə, TRACECA hazırkı geosiyasi vəziyyətdə 2022-ci ildə Çindən Avropaya və geriyə Azərbaycan ərazisi ilə konteyner yüklərinin daşınmasının əvvəlki illərlə müqayisədə 3-5 dəfə artacağını proqnozlaşdırır.

Milli katib onu da bildirib ki, bu gün Azərbaycanın nəqliyyat infrastrukturunun bütün potensialı hələ də tam istifadə olunmur.

“Məsələn, Bakı Beynəlxalq Dəniz Limanı ötən il təxminən beş milyon ton yük qəbul edib, onun infrastrukturu isə 15 milyon tona qədər, o cümlədən 100 min TEU konteynerini qəbul etməyə imkan verir. Buna baxmayaraq, limanın ötürmə qabiliyyətinin 25 milyon ton yük və 500 min TEU konteynerə qədər genişləndirilməsinin ikinci mərhələsinə start verilib. İnfrastrukturun genişləndirilməsi üzrə işlər yükdaşımaların artımına uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək”, – deyə R.Bayramov bildirib.

O vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kommunikasiyaların açılması Azərbaycan ərazisindən yük daşınmalarının cəlb olunmasına kömək edəcək.

“Zəngəzur dəhlizi ölkəmizə təkcə Naxçıvanla deyil, həm də Avropadan Mərkəzi Asiyaya, Çinə və əks istiqamətdə yeni yük axınları üçün geniş imkanlar açır”, – deyə R.Bayramov bildirib.

Milli katib həmçinin qeyd edib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində planlı iş aparılır.

“Avtomobil yolları çəkilir, beynəlxalq yükdaşımalarda iştirak edən dəmir yollarının və limanların imkanları genişlənir. Azərbaycanın nəqliyyat infrastrukturu yük axınının kəskin artmasına hazırdır”, – deyə milli katib bildirib.