Hazırladığı yeməkləri ilə məşhur olan gəmi aşpazı ilə MÜSAHİBƏ

863

Gəmidə zəngin və dadlı yeməklərlə qidalanmaq çox vacibdir və bu, işin keyfiyyətinə birbaşa təsir göstərir. Bunu gəmidə yaxşı bilirlər. Dənizçilər gün ərzində çiyinlərinə düşən çətin  tapşırıqları layiqincə yerinə yetirəndə mətbəxin “sahibləri” də heyətin hər bir üzvünün ürəyincə olacaq yeməklər hazırlamaq üçün əllərindən gələni əsirgəmirlər.

Əlbəttə ki, hər bir işdə olduğu kimi, gəmidə heyət üçün yemək bişirmək kimi məsuliyyətli işin öhdəsindən gəlməyə də təcrübəli iaşə komandası gərəkdir.

“Caspian Catring” şirkətində aşpaz işləyən Ramil Mingaliyevin 36 yaşı var. Uşaqlıqda aşpaz olmaq barədə fikirləşməsə də, yemək hazırlanması prosesi ona həmişə maraqlı gəlib.

– Ramil, gəmidə nə vaxtdan işləyirsən?

– Gəmidən əvvəl oteldə qabyuyan işləmişəm. Yeri gəlmişkən, həmin otel dənizin bir addımlığında idi. Amma, o bir addımı atmaq üçün mənə 10 il vaxt lazım gəlib. Otelin baş aşpazı xarici vətəndaş idi. Hazırda adlı-sanlı aşpazların bir çoxu bir zamanlar onun tələbəsi olub.  Səliqə-səhmanımı, işə münasibətimi bəyənmişdi. Marağımı görəndən sonra soyuq qəlyanaltılar hazırlamağı mənə etibar etdi. Sonra ondan isti yeməklərin bişirilməsinin sirrlərini öyrəndim. Bu minvalla 2005-ci ildən – düz 10 il həmin oteldə işlədim. Təcrübəli aşpaza çevrildim.

– Oteldəki işindən niyə ayrıldın?

– Ailə vəziyyətimə görə. Evləndim. Yoldaşımın ailəsi əslən azərbaycanlı idi. Ukraynanın Xarkov şəhərində yaşayırdılar. Mən də bir müddət orda yaşayası oldum. Övladım dünyaya gəldi. Bir sözlə, şəxsi həyatım bir müddət iş həyatımı üstələdi. Amma hiss edirdim ki, bu, müvəqqətidir. Elə bil həyatımda nəsə çatmırdı. Günlərin birində bir vaxtlar oteldə mənimlə işləyən bir tanışım zəng etdi. Dedi ki, Bakıya gələndə mütləq ona dəyim. Yaxşı bir iş var. Amma… dənizdədir. Dənizi sevirdim. Atamla tez-tez balıq ovuna gedirdik. Lakin, ağlıma belə gəlməzdi ki, nə vaxtsa dənizdə işləyəcəyəm. Ömrümdə heç vaxt gəmi ilə dənizə çıxmamışdım.

-Deməli səni Bakıya bu təklif qaytardı?

-Belə də demək olar. Düşündüm ki, quruda yemək bişirmişəm, yəqin suda da alınar. Sənədləri hazırlayıb gəldim “Caspian Catring” şirkətinin ofisinə. Məni rəhbərliyə təqdim edəndə dedilər ki, təcrübəli aşpazdır, ingilis dilini bilir. Yoxladılar və razı qaldılar. “Azərbaycan” kran gəmisində işə başladım. Elə başladığım ilk gündən gəmi mətbəxinin “sehrinə” düşdüm.

-Gəmidə ilk təəssüratın barədə nə deyə bilərsən?

-Gəmidə hər şeydən öncə təhlükəsizlikdir. Xüsusi qaydalar var və onlara əməl etmək lazımdır. Çünki bu qaydalar ilk növbədə insanın öz təhlükəsizliyi üçündür.

-Daha hansı gəmilərdə işləmisən?

-Ən çox “İsrafil Hüseynov” borudüzən gəmisində işləmişəm. “Tofq İsmayılov” və “Xankəndi” gəmilərində çalışdığım vaxtlar da olub.

-Hansı mətbəxdən daha yaxşı baş çıxarırsan?

İtalyan  mətbəxindən istənilən yeməyi hazırlaya bilərəm.

-Oxşarlıq var bizim mətbəxlə?

-Deməzdim ki, hansısa oxşarlıq var. Amma italyanlar bizim ləvəngini çox sevirlər. Biz ləvəngiyə “palçıq turşusu” əlavə edirik. Sən demə, italyanlarda eyni ilə bu turşunun dadında sous var. Ona görə, bizim ləvəngi onlara xüsusi ləzzət edir.

-Xaricilər milli yeməklərimizdən tez-tez dadırlar?

Mənim bununla bağlı xüsusi qaydam var. Hər gün süfrədə ən azı 1 milli yemək olmalıdır. Gəmidə elə olur ki, 5-6 millətin nümayəndəsi çalışır. Hamısının zövqünü oxşamaq lazımdır. Milli yeməklərimiz əcnəbilərin xoşuna gəlir. Məsələn, ingilislər bizim aş-qaranı xüsusi ləzzətlə yeyirlər. Onlar deyirlər ki, biz quru meyvəni (kişmiş, qaysı) belə bişirib ətlə süfrəyə qoyulmasını ancaq Azərbaycanda görmüşük.

-Gəmidə yaxşı aşpaz olmaq istəyən əsasən nəyi bilməlidir?

 Əsas məsuliyyətdir. Gəmidə mühit tam başqadır. Burada işləyən insanların əhvalı yüksək olmalıdır. Çünki quruda insanın kefinin pis vaxtında harasa gedib gəzmək imkanı var. Bura isə gəmidir. Ona görə, heyətin əhval-ruhiyyəsinə xüsusi diqqət verilir. Bildiyimiz kimi, dadlı yemək də əhvala təsir edə bilən amillərdəndir. Bu məsələdə gəmi aşpazının üzərinə böyük məsuliyyət düşür. Gəmi aşpazı – gəmi mətbəxinin təmizliyindən tutmuş yeməyin keyfiyyətinə qədər hər şeyə cavabdeh şəxsdir.

-Belə isə, süfrən həmişə zəngin və dadlı olsun.

seanews.az

Musa Əliyev – İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı