LNG tankerinin tikintisi neçəyə başa gəlir?

234

“Mavi yanacağa” qlobal tələbat artdıqca, təbii qazın daşınması üçün ixtisaslaşmış gəmilərin də qiyməti sürətlə artır.

“Seanews.az” xəbər verir ki, bu tendensiyanın güclənməsi Cənubi Koreyada müasir qazdaşıyıcıların tikintisi üzrə ixtisaslaşan gəmiqayırma şirkətlərinin də mənfəətini artırır.

Belə ki, Cənubi Koreyanın “Maeil Business” nəşrinin hesablamalarına görə, milli gəmiqayırma sənayesinin üç nəhəngi – “Korea Shipbuilding & Offshore Engineering” (“KSOE”), “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”) və “Samsung Heavy Industries” (“SHI”) şirkəti cari ilin əvvəlindən ümumi dəyəri 13,18 trln. von (təxminən 10,2 milyard dollar) olan  48 LNG tankerinin tikintisi üçün sifarişlər alıb.

Eyni zamanda qeyd edilir ki, tutumu 174 min kubmetr olan “standart” qaz daşıyıcısının orta qiyməti 222,08 milyon dollara və ya  2014-cü ildən bu yana maksimuma çatıb. Beləliklə, ötən illə müqayisədə LNG tankerləri artıq 5,8% bahalaşıb. 2021-ci ildə bu göstəricinin rekord səviyyəsi hər gəmi üçün 210 milyon dollar olub.

Bununla belə, bu, son hədd deyil: məsələn, “Hyundai Samho Heavy Industries” bu yaxınlarda hər gəmi üçün 240 milyon dollar dəyərində iki LNG tankerinin tikintisinə dair müqavilə bağlayıb. Bu da sahə üçün mütləq rekorddur. 2022-ci ilin yanvarında belə qaz daşıyıcılarının dəyəri “cəmi” 207,4-217,9 milyon dollar diapazonunda dəyişib.

Xatırladaq ki, 2013-2014-cü il mövsümünün əvvəlində LNG tankerinin orta qiyməti təxminən 205 milyon dollar təşkil edirdi, lakin 2018-ci ilə qədər bu rəqəm ilin əvvəli ilə müqayisədə 11,2% azalaraq 182 milyon dollara enmişdi.