Türkiyə Respublikasının Nəqliyyat və infrastruktur nazirinin müavini Dr. Ömer Fatih Sayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanında səfərdə olublar

362

29-30 iyun 2022-ci il tarixlərində Bakı şəhərində keçirilən nəqliyyat və rabitə üzrə Azərbaycan- Türkiyə işçi qrupunun birinci iclasında iştirak etmək üçün ölkəmizdə olan nümayəndə heyəti Bakı Limanının Baş direktoru Taleh Ziyadovla və limanın məsul heyəti ilə görüşüb, həmçinin limanın fəaliyyəti ilə tanış olublar.

Görüş zamanı regionun nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində aparıcı rolu olan Bakı Limanı vasitəsi ilə Türkiyədən də keçməklə Avropa və Asiya arasında sürətli yük daşınmasının həyata keçirildiyi və bu strategiyanın daha da genişləndirilməsi imkanları barədə müzakirə aparıldı. Xüsusilə də görüşdə Şərq-Qərb arasında qlobal səviyyədə etibar və diqqət qazanmağa başlayan nəqliyyat marşrutu – “Orta dəhliz” vasitəsilə Azərbaycanın tranzit potensialından maksimum istifadə olunması imkanları haqqında danışıldı.

Türkiyənin aparıcı nəqliyyat qurumlarının da təmsil olunduğu nümayəndə heyəti tərəfindən Türkiyə və Azərbaycan arasında nəqliyyat və logistika sahəsində mövcud əlaqələrin regionun ümumi iqtisadiyyatına mühüm töhfələr verdiyi və böyük perspektivlər vəd etdiyi vurğulandı.