Xəzər dənizində beynəlxalq kruiz marşrutu 2023-cü ildə açıla bilər

290

Qazaxıstan-Türkmənistan-İran-Azərbaycan-Rusiya kimi ölkələr arasında dairəvi kruiz marşrutu gələn ildən istifadəyə verilə bilər.

“Report”un “Kazinform”a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın Sənaye Nazirliyinin Nəqliyyat Komitəsinin sədri vəzifəsini icra edən Kasım Tlepov bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi ilə həmsərhəd olan beş ölkə kruiz turizmini inkişaf etdirmək üçün müvafiq işlər görür və əsas məsələləri həll edir: “Məsələn, biz Aktau şəhərinin necə dəyişdiyini görürük. Sahil abadlaşdırılıb, otellər tikilib. Mangistau vilayəti, Aktau şəhəri turizmin inkişafında böyük potensiala malikdir”.

K. Tlepov bildirib ki, hazırda onların gözləntisi kruiz gəmisinin hazır olmasıdır: “Bu gəmini Rusiya tərəfi Həştərxanda tikir. Gəmi “Velikaya Rus” adlanacaq. Düşünürük ki, gələn il gəmi tam hazır olacaq”.

O, planlaşdırılan kruiz gəmisinin hansı marşrutla hərəkət edəcəyi barədə də məlumatla bölüşüb. “Həştərxandan Aktauya, Aktaudan Türkmənistanın “Avaza” turizm mərkəzinə, oradan İranın Əmirabad şəhərinə, Əmirabaddan Bakıya və Mahaçqalaya marşrutlar açılacaq. Beləliklə, gələcəkdə beş ölkə ərazisindən bütün dünyanı dolaşan turizm marşrutu fəaliyyət göstərəcək”, – deyə K. Tlepov bildirib.

Qeyd edək ki, transsərhəd kruiz marşrutunun potensial turist axını mövsümdə 30 min nəfər təşkil edəcəyi gözlənilir.