Gəminin çəkisini necə təyin etmək olar?

303

Sərnişin gəmisi, yük gəmisi, hərbi gəmi, kiçik və ya böyük həcmli gəmi. Bütün bu gəmilərin özünəməxsus texniki göstəriciləri var.

Gəminin çəkisi də bu göstəricilərə aid edilir. Çəkiyə uyğun olaraq gəmini hərəkətə gətirmək üçün  tələb olunan energetik qurğular müəyyən edilir. Gəminin digər istismar xarakteristikaları da çəkidən asılıdır. Ona görə də çəkinin hesablanması xüsusi diqqətlə aparılmalıdır.

Bəs bu nəhəng konstruksiyanı necə çəkmək olar? Bunun üçün hansı metodlar mövcuddur?

Bu sualımızı eramızdan əvvəl yaşayan qədim yunan filosofu Arximedə versəydik, bizə lovğalıqla cavab verərdi ki, “əlbəttə mənim icad elədiyim qanuna əsasən”. Əslində nəzəri cəhətdən hər şey düzdür. Arximed qanunu bizə deyir ki, mayeyə batırılmış istənilən cisim ordan öz ağırlığı qədər maye sıxışdırıb çıxarır.

Amma bunu asanlıqla qaldırılıb suya qoyulan cismə tətbiq edə bilərik. Çəkisi tonlarla ölçülən gəmini isə qaldırıb suya qoymaq o qədər də asan olmaz. Bəlkə də kiçik gəmilərin, yaxta və ya qayıqların çəkisini bu üsulla ölçmək olar. Burda da təbii ki, xüsusi ərazi, sahə mövcud olmalıdır. Açıq dənizdə sudan sıxışdırılıb çıxarılan mayenin çəkisini hesablamaq mümkün deyil. Bunun üçün ölçüləri bizə dəqiq məlum olan xüsusi doklar olmalıdır. Gəmini həmin doka qoyduqdan sonra qalxan suyun səviyyəsinə uyğun olaraq çəkini müəyyən etmək mümkündür. 

Amma gəmi doka və ya şlüzə öz sürəti ilə daxil olduqda bu hesabatı aparmaq çətinləşəcək. Çünki artıq daxil olduğu zaman dokun və ya şlüzün qapısından müəyyən miqdarda su axacaq və hesablamanın dəqiqliyi itəcək. Bu metodla gəminin çəkisini müəyyən etmək üçün mürəkkəb hesabatların aparılması lazım gəlir ki, onlar da bir çox konstruktiv aspektlərdən, həmçinin gəminin gövdəsinin formasından, suya oturumundan asılı olur.

Başqa bir metod layihələndirilmə zamanı çəkinin müəyyən edilməsidir. Bu zaman nəinki gəminin suya buraxılmasından, hətta onun inşasından əvvəl belə çəkini müəyyən etmək mümkündür.

Layihə tərtib edilərkən gəminin hər bir elementinin çəkisi hesablanır. Onları riyazi üsulla toplamaqla ən kiçik xəta ilə ümumi çəki müəyyən edilir. Onu da qeyd edək ki, hazırda mühəndislər əvvəlcədən gəminin sualtı hissəsinin həcmini – həcmi su basımını da hesablaya bilirlər. Layihələndirmə zamanı aparılan bu hesabatlar gəminin tikintisində buraxıla biləcək səhvlərin qarşısını alır və onun istismar zamanı daha effektiv olmasına zəmanət verir.

Hesabatı aparan mühəndislər gəmiyə gələcəkdə doldurulacaq ballast suyunun, daşınacaq yükün, heyət üzvlərinin çəkisini də nəzərə almalıdırlar.

Ümumi olaraq deyə bilərik ki, gəminin çəkisi əsasən hesabatlar vasitəsilə təyin edilir. Əsas məqam bu hesabatlar zamanı gəmini təşkil edən element və qurğuların cəmi ilə yanaşı, sonradan yaranacaq aspektləri də nəzərə almaqdır.

Musa Əliyev                                                                        ASCO-nun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi