Azərbaycan yelkənli qayıq idmançıları Türkiyədə keçirilən GARW-2022 yarışının favoriti olublar – FOTO

268

Nəfəskəsici “Göcek AUTUMN Race Week 2022” yarışı Azərbaycan yelkənli qayıq idmançılarının, yəni “Khazri Sailing Team” klubunun üzvlərinin peşəkarlığını bir daha təsdiq etdi.

Azərbaycanın “Khazri Sailing Team” klubu bu il “Göcek AUTUMN Race Week 2022” yarışında Kirill Roletski və Rasim Həmidovun rəhbərlik etdiyi iki komanda tərəfindən təmsil olunub.

Onlar Azərbaycan bayraqlarını göyərtəsində klubun baş sponsoru olan İsveçrənin “Ulysse Nardin” saat brendinin loqosu çəkilmiş “X-41 FOX” və “Hanse50 KIA ORA” yelkənli qayıqlarında qaldırıblar.

Yarışda 23 ölkədən 102 yelkənli qayıq iştirak edib. Liderlər cədvəli hər yarışmadan sonra dəyişirdi. Mübarizəyə “IRC 1 Charter” adlı ən çətin divizionda başlayan Azərbaycan komandası yüksək yarış xalı ilə 7-ci yeri tutdu. Bu uğur komandanın böyük hissəsinin yeni idmançılardan təşkil olunmasına baxmayaraq qazanıldı. Digər komanda yarışın ikinci mərhələsində birinci, IRC2 divizionunda isə ümumi hesabda beşinci yeri tutdu.

Təəssüf ki, əlverişsiz hava şəraiti iki yarışmanın ləğv olunmasına səbəb olub. Bu yarışlar komandalarımızın potensialının tam reallaşdırılmasında və qələbənin qazanılmasında həlledici rol oynaya bilərdi.

Bu il Azərbaycan idmançıları artıq 10 ildir ki, dünyanın “Monaco Yacht Show” adlı ən nüfuzlu yelkənli qayıq yarışına sponsorluq edən İsveçrə saat brendi “Ulysse Nardin” ilə tərəfdaşlıqda çıxış edib. Bundan başqa, Azərbaycan komandasının tərkibinə İsveçrənin “Ulysse Nardin” saat brendinin Azərbaycandakı səfiri, alpinist və səyyah Fərid Novruzi də daxil olub.

Yelkənli qayıq idmançısı olmaq və “Khazri Sailing Team” komandasının tərkibində çıxış etmək istəyənlər www.yacht.az saytında daha ətraflı məlumat əldə edə bilərlər.

“Ulysse Nardin” brendi haqqında

İsveçrənin “Ulysse Nardin” saat brendi dənizdən ilham alan və azad ruhlu macəra həvəskarları üçün heyrətamiz saatlar yaratmaq istəyi ilə hərəkət edən novatordur.

Yarandığı ilk günlərdən “Ulysse Nardin” manufakturasının tarixi okeanla sıx əlaqəyə malik olub. Yaxta və mükəmməlliyə olan sevgi onu 1846-cı ildən bəri naviqasiya alətlərinin aparıcı istehsalçısına çevirib.

“Ulysse Nardin” brendi on ildən artıqdır ki, “Monaco Yacht Show” yarışının rəsmi sponsorudur. 2022-ci ildən Azərbaycanın “Khazri Sailing Team” klubu da bu unikal brendlə əməkdaşlıq edir.

“Ulysse Nardin” brendi Azərbaycanda “Khazri Sailing Team” komandasının sponsoru olan “Royal Collection” butikində təqdim olunur.