Xəzərin dərinliklərini fəth edən dalğıcların bir günü – REPORTAJ + FOTO

305

“Bu gün işə dənizin dibinə gedirəm” desək, qəribə yuxu kimi gələr. Elə deyilmi?

Onlar hər gün bu yuxuya oyanırlar. Söhbət dənizin dibini fəth edən dalğıclardan gedir…

Bu dəfə Oxu.Az-ın əməkdaşları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətinin sualtı dünyanın sirlərini bilən dalğıclarına baş çəkiblər.

Xidmətin yerləşdiyi ərazi paytaxtdan elə də uzaqda deyil. İdarənin həyətinə yaxınlaşan zaman “Azneft” İB ilə Türkiyənin “DSS Elektronik Makine ve Savunma Sanayi Ticaret” LTD şirkəti arasında bağlanmış müqavilə çərçivəsində Dalğıc Xidmətində “Dalğıc-qaynaqçı” təlimlərinin keçirildiyinin şahidi olduq.



Biz də təlim prosesini izlədik.

Şirkətin təlimçisi Güvenç Sorarlı deyir ki, təlim proqramı beş həftəlik nəzərdə tutulub:



“Biz artıq noyabrın 14-dən buradayıq. Azərbaycanda olmaq mənim üçün xoşdur. Özümü evimdəki kimi hiss edirəm. SOCAR-ın təcrübəli dalğıclarına sualtı “Dalğıc-qaynaqçı” təlimi keçirik. Faydalı bir təlimdir. Bu təlim dəniz obyektlərinin sualtı hissələrində təmir işlərinin səmərəliliyinin artırılmasında böyük rol oynayacaq”.

Daha sonra bizə dalğıcın iş prosesi təqdim edilir.



Əvvəlcə dalğıc geyim, hava balonu və digər avadanlıqlarla təmin olunur. Sonra isə şlanqla birlikdə suya enir. Bu şlanqda dalğıcın kamerası, səs eşitməsi, bir işi görməsi üçün elektrik enerjisinin ötürülməsi avadanlıqları var.

Budur, dalğıc hazırdır və suya enməsi üçün göstəriş verilir. Bu zaman ona suda gerçəkləşdirəcəyi qaynaq üçün elektrod və dəmir verilir.

Dalğıcın fəaliyyətinin idarə olunduğu otağa yaxınlaşırıq. Monitorinq otağında dalğıcın kamerası, saturasiya idarəetməsi, səs eşitməsi sualtı rabitə (“Amcon III”) vasitəsilə müşahidə edilir. Dalğıc suda əməliyyat aparan zaman proses izlənilir, müəyyən dəstək verilir.

Suya enən dalğıc Xəqani Xəlilovdur. Ərazidə sığortaedici dalğıc Kamran Əliyev də tam hazır vəziyyətdədir. Əgər sudakı dalğıc siqnala cavab verməsə, o, suya enəcək…


X.Xəlilov suyun altında sanki quru sahədə işləyir kimi, dəmiri elektrodla kəsir, iş prosesini davam etdirir. Onun suda apardığı əməliyyatlar müşahidə kamerası ilə izlənilir. Xəqani işini bitirdikdən sonra geri qayıdır.

Qeyd edək ki, Dalğıc Xidmətində ümumilikdə 586 nəfər çalışır. Onlardan 161 nəfəri dalğıcdır.

Dalğıc Xəqani Xəlilov peşəsini dənizin dibindən mirvari çıxarılması kimi qiymətləndirir:

“Mingəçevirdə, Kür çayının sahilində doğulmuşam. Altı yaşımdan üzməyi öyrənmişəm və həqiqi hərbi xidmətdə olan zaman məni Hərbi Dəniz Qüvvələrinə dalğıc kimi götürdülər. Bəlkə də, Kürün sahilində doğulduğum üçün həmişə suya marağım olub”.

O bildirir ki, məşhur səyyah, dəniz və okeanların tədqiqatçısı Jak-İv Kustonun sənədli filmlərinə baxandan sonra dalğıc olmaq həvəsinə düşüb:

“Bizim işimiz çətin və məsuliyyətlidir. Buruqların arasında işləyirəm və bundan həzz alıram. Mən 112 metr dərinliyə düşmüşəm. Fikrimcə, biz suyun dibini fəth edirik. Mənim üçün su bir aləmdir. 50-60 metr dərinliyə düşdükdən sonra heç kim yoxdur”.

Xüsusi qeyd: “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətinin əməkdaşları birliyin “28 May”, “Neft Daşları”, “Abşeronneft” və “N.Nərimanov” adına NQÇİ-lərinin Xəzər dənizində “Günəşli”, “Neft Daşları”, “Bulla-dəniz”, “8 Mart”, “Səngəçal”, “Darvin bankası”, “Qərbi Abşeron”, “Abşeron bankası” yataqlarında istismar edilən dəniz hidrotexniki qurğularında çalışırlar.

Dalğıc Kamran Əliyevin sözlərinə görə, 2019-cu ilin aprel ayından dalğıc kimi fəaliyyət göstərir:


“İş prinsipim suyun altında bütün növ sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsindən ibarətdir. İşlədiyim müddətdə suyun altında hər hansı təhlükə ilə qarşılaşmamışam. İşə başlamazdan əvvəl baş verə biləcək risklər briqadamız tərəfindən qiymətləndirilir və buna uyğun olaraq təhlükəsizlik tədbirləri görülür”.

O, “Günəşli” yatağında hidrotexniki qurğuların sualtı inspeksiyası zamanı 60 metr dərinliyə daldığını deyir.

Dalğıc heyəti müəyyən vaxtla işləyir. Gəmilərdə və dərin dəniz bloklarında dalğıc məntəqələri təşkil olunub. Stansiyaların həcmindən asılı olaraq, həmin məntəqələrdə dalğıc heyəti təxminən yeddi-doqquz nəfərdən ibarət olur. Stansiyaların tərkibində dalğıc işləri stansiyası, mexanik, çilingər, sahə rəisi və müavini olur.

Dalğıc Kamran Bədirov isə bir ildir ki, fəaliyyət göstərir:



“İş prinsipim dənizdə hidrotexniki qurğuların sualtı hissələrinin tədqiqi, neft və qaz quyularının, həmçinin dəniz özüllərinin dayaq ayaqlarının xüsusi növ xamıtlarla su altında bərkidilməsi işləri, sualtı kəsmə və digər dalğıc işlərindən ibarətdir. Dalğıc işləri xüsusi növ riskli işlər qrupuna aiddir. Buna baxmayaraq, işlədiyim müddətdə su altında indiyədək hər hansı təhlükə ilə qarşılaşmamışam. Hesab edirəm ki, burada peşəkar dalğıc heyətinin də əməyi danılmazdır. Sualtı kəsmə işlərinin yerinə yetirilməsi zamanı dənizin 20 metr dərinliyinə dalaraq, həmin dərinlikdə sualtı kəsmə işlərini yerinə yetirmişəm”. 

“Suda balıq” olan peşəkarları dənizlə baş-başa qoyub geri dönürük. Fantastik film qəhrəmanlarını xatırladan dalğıclar isə Xəzərin dərinliklərində daha neçə sirri açıqlığa qovuşduracaqlar…



Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət