4 gün ərzində gəmiçilərimiz dənizdə SOS siqnalı veriblər

716

4 gün ərzində gəmiçilərimiz dənizdə SOS siqnalı veriblər. Azərbaycanın təhlükədə olduğunu dünyaya car çəkiblər. Faciədən sonra kapitanlara xəbər çatıb ki, ölənləri yığıb dənizə tökəcəklər. 7 kapitan yığılıb xəbər yollayıb ki, hansı gəmiylə meyitləri atmağa gətirsələr, tarana gedəcəyik, onu vuracağıq. Qorxmayıblar adamlar, qorxmayıblar. İmperiyanın hərbi gəmilərindən, ordusundan qorxmayıblar. Geri çəkilməyiblər. Dənizçilərimiz sanki bir proqram ətrafında cəmləşmişdi. Heç kim vətənin müdafiəsindən kənarda qalmırdı. Böyük birlik vardı. Heç kim fikirləşmirdi ki, həbs olunaram, cəzalanaram. Bütün kapitanlar öz heyətləri ilə birləşmişdi. Sonra 47 dənizçi sürgün edildi, kapitanlar həbs olundu.

7 Kapitanımız kim idi?

✓ Müzəffər Əliyev

✓ Mövlud Əliyev

✓ Kərəm Məmmədov

✓ Kişi Mütəllimov

✓ Ağalar İbrahimov

✓ İbrahim Salayev

✓ Murad Əliyev.

20 Yanvar səhəri Xəzər Dəniz Neft Donanmasının gəmiləri sahilə yan aldı.

Koordinasiya(dispetçer)mərkəzi sıradan çıxmışdı. Dənizçilər “Sabit Orucov” gəmisinə toplaşdılar. Yığıncaqda 7 kapitandan ibarət koordinasiya şurası yaradıldı.

Gəmilər arasında əlaqə qurulur və 120 gəmi Bakı buxtasına daxil olur. Kapitanlar Qorbaçova rəsmi ultimatum göndərir. “Ordunu Bakıdan çıxardın, əks halda gəmiləri yandırıb neft buruqlarına çırpacağıq”. Gəmilər sovet hərbi-dəniz donanmasının dənizə çıxmaq üçün istifadə etdiyi yeganə sualtı kanalının qarşısını kəsirlər.

Yanvarın 21-də Sovet ordusunun hərbiçiləri “Çeleken-1” gəmisini atəşə tuturlar. Amma kapitanlar ultimatumu geri götürmür “İsrafil Hüseynov”(indiki) gəmisi sovet hərbi-gəmilərin qarşısını alır.

Yanvarın 23-də Elmira Qafarova və general Yazov kapitan Müzəffər Əliyevlə görüşür. Elmira xanım o görüşdə ağlayır və SOS siqnalını dayandırmaq haqda heç nə demir. Kapitanlar ultimatumu geri çəkmirlər və Sovet ordusunun şəhərdən çıxmağını tələb edirlər.

Yanvarın 24-də polkovnik Lebedin əsgərləri 7 kapitanın gəmisinə silahlı basqın edir. Lebed və onun əsgərləri dəniz vağzalının qarşısında şou göstərirlər. Bir topa silahı və bir neçə gün öncə öldürülmüş əsgər cənazəsini jurnalistlərə göstərməklə. 7 kapitanı ekstremist kimi tanıtmaq üçün. Onları separatçı, dəniz qulduru adı ilə tuturlar.

Xalq isə o dənizçiləri qəhrəman kimi xatırlayır.

Source:https://www.facebook.com/photo?fbid=487506670220649&set=a.398777265760257