ADDA tələbələrinin diplomqabağı təcrübəsi başlayıb

315

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA)  IV kurs tələbələrinin diplomqabağı təcrübəsi başlayıb.

“Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələr cari ilin 24 mayınadək ASCO donanmalarının gəmilərində son təcrübədə olacaqlar. Tələbələrdən 106-sı Dəniz Nəqliyyatı Donanmasının (DND), 72-si Xəzər Dəniz Neft Donanmasının (XDND) gəmilərində təcrübə keçəcək. Onların təcrübə rəhbərləri isə Akademiyanın ixtisas kafedralarının müəllimləri və gəmi kapitanının əmri ilə təyin edilmiş heyət üzvləri olacaq.

Təcrübəyə yollanmamışdan öncə tələbələrə XDND və DND-nin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbələrinin əməkdaşları tərəfindən “Giriş təlimatı” keçirilib.

Bundan əvvəlki illərdə tələbələr təcrübə zamanı ixtisaslarına uyğun ümumi məlumat xarakterli praktiki biliklər toplayırdılarsa, bu dəfə onlar Dənizçilərin Hazırlanması, Sertifikatlandırılması və Növbə Çəkmələri haqqında (DHSNÇ-78) Beynəlxalq Konvensiyanın tələblərinə uyğun tam sərbəst növbəçəkməyə cəlb ediləcəklər.

Təcrübə bitdikdən sonra hər tələbə gəmidə olduğu müddətdə görülən işlər haqqında Beynəlxalq Konvensiyanın tələblərinə uyğun “Təcrübə jurnalı”nda apardıqları qeydlər əsasında hesabat hazırlayacaq. Hesabat ixtisas kafedralarının müəllimlərindən ibarət komissiya tərəfindən dinlənilərək qiymətləndiriləcək. Bu qiymət tələbənin Yekun Dövlət Attestasiya imtahanına buraxılmasında əsas rol oynayacaq.

ADDA-nın “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının 30 nəfər IV kurs tələbəsi isə bu il fevralın 16-dan 10 həftə müddətində Bakı Gəmiqayırma Zavodunda diplomqabağı istehsalat təcrübəsində olacaqlar.

Qeyd edək  ki, ölkəmizdə fəaliyyət göstərən özəl gəmiçilik şirkətlərində də ADDA tələbələrinin təcrübə keçməsinə imkan yaradılıb.

asco.az