Gürcüstan hökuməti Anakliya dərin özüllü dəniz limanı üzrə yenidən tender elan edəcək

251

Gürcüstan hökuməti Anakliya dərin hövzəli dəniz limanı ilə əlaqədar yeni tender elan edəcək. Bu layihə Gürcüstanın Şərqlə Qərbi birləşdirəcək “Böyük İpək Yolu”na fəal qoşulması üçün nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Bildirilir ki, məsələ Baş nazir İrakli Qaribaşvilinin ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri və digər rəsmi şəxslərlə görüşündə müzakirə olunub.

Qeyd olunub ki, Anakliya dərin özüllü dəniz limanının tikintisi Gürcüstan hökumətinin prioritetlərindən biridir. Bu limanın dövlətin və özəl sektorun birgə iştirakı ilə tikməsi nəzərdə tutulub.

Bildirilib ki, konsorsiumun 51 faizi dövlətə məxsus olacaq, 49 faizi ilə əlaqədar isə beynəlxalq tender elan olunacaq. Hazırda potensial investorlarla fəal danışıqlar aparılır.

Plana görə, Anakliya limanının birinci fazasında liman ildə 7,8 milyon ton ötürmə qabiliyyətinə çatmalıdır.

Qeyd edək ki, hazırda Gürcüstanda Batumi və Poti limanları fəaliyyət göstərir. Əsas yüklər Poti limanı vasitəsilə daşınır. Lakin bu liman 1500 konteynerdən çox yükü olan gəmiləri qəbul edə bilmir.

Anakliya limanının tikintisi Gürcüstan hökumətinin ölkənin yükdaşıma potensialını artırmaq, Şərqlə Qərbi birləşdirmək üçün “Böyük İpək Yolu”na qoşulmaq məqsədilə 2016-cı ildə hazırlanmış layihədir. Limanın tikintisinə 2017-ci ilin dekabrında başlanılsa da 6 ay sonra tikinti işləri dayandırılıb. Gürcüstan hökuməti limanın tikintisi ilə əlaqədar 2016-cı ildə tender elan edib. Tenderdə TBS Holding və Amerikanın “Conti İnternational LLC” kompaniyasının birgə yaratdığı “Anakliya Holding JSC” şirkətinin “Anakliya limanının İnkişaf Konsorsiumu” qalib gəlib. Lakin 2020-ci ildə Gürcüstan hökuməti maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən “Anakliya Limanının İnkişaf Konsorsiumu” ilə müqaviləni ləğv edib