Azərbaycanlı mütəxəssis Türkiyədə xüsusi cihazla 14 nəfəri dağıntılar altından sağ çıxarıb – FOTO

341

Azərbaycanlı Ceyhun Xəlilov hazırladığı xüsusi cihazın köməyi ilə Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində xilasedicilərə kömək edir. Həmin cihazın köməyi ilə indiyədək 14 nəfər dağıntılar altından çıxarılıb.

Xəlilov bildirib ki, qardaş ölkədə zəlzələlərin baş verməsindən xəbər tutan kimi onun da təbii fəlakət zonasına göndəriləcək xilasetmə dəstəsinə daxil edilməsi xahişi ilə Azərbaycanın müvafiq qurumlarına müraciət edib.

Burada o, “Bəşir” assosiasiyasının briqadasının tərkibində axtarış-xilasetmə əməliyyatlarında iştirak edib.

Ceyhun Xəlilov böyük imkanlara malik cihazın iki kamera və diktofonla təchiz olunduğunu bildirib. Bu cihaz sayəsində o, dağıntıları skanerləyir və zərərçəkənlərlə əlaqə saxlamağı bacarır.

Yaxın məsafələr üçün endoskopik kameradan, daha uzaq nöqtələr üçün isə “gigra camera”dan istifadə olunur. Sağ insan tapmağa müvəffəq olduqda, cihaz diktofonun köməyi ilə yaxınlıqda başqa insanların olub-olmadığını öyrənməyə imkan verir.

Daha sonra Xəlilov əldə etdiyi məlumatı AFAD əməkdaşlarına və ya digər xilasedicilərə ötürür. Onun aparatının köməyi ilə artıq 14 nəfər dağıntılar altından çıxarılıb. İlk olaraq, fevralın 9-da yaşayış binasının dağıntıları altından 17 yaşlı qız çıxarılıb.

“Əlimdən gələn hər şeyi edirəm. Nə qədər lazımdırsa, fəlakət zonasında qalacağam”, – o deyib.

oxu.az