Bakı Limanında gübrə terminalının fəaliyyətə başlamasının vaxtı açıqlanıb

333

Bu il Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gübrə terminalının tikintisinin başa çatdırılması və fəaliyyət göstərməsi planlaşdırılır.

Bunu “Report”a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.

Onun sözlərinə görə, bu terminal vasitəsilə daha çox gübrə yükünü Bakı Limanına cəlb etmək mümükün olacaq: “Biz hazırda Türkmənistan istehsal etdiyi gübrələrin aşılmasını həyata keçiririk. Amma gübrə terminalının istifadəyə verilməsindən sonra təkcə Türkmənistan yox, Qazaxıstan və Özbəkistan istehsalı gübrələrin də Azərbaycan üzərindən daşınmasını hədəfləyirik. Özbəkistan gübrəsi konteynerləşmiş, vaqonlaşmış olaraq bu dəhlizdən keçir. Amma biz həmçinin gübrələrin səpgili formada (açıq formada) aşırılmasını nəzərdə tuturuq. Qazaxıstanın böyük həcmdə gübrə istehsalı var və həmin gübrələri bura cəlb etməyi planlaşdırırıq”.

Xatırladaq ki, 14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir.

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır.

Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı limanına cəlb edilən yükün həcmi sürətlə artır.