Amerika Gəmiçilik Bürosunun Bakı ofisinin rəhbəri Ryan Salamati ilə görüş keçirilib

258

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev, ölkəmizdə beş illik fəaliyyətinin başa çatması ilə əlaqədar Amerika Gəmiçilik Bürosunun (ABS) Bakı ofisinin rəhbəri Ryan Salamati ilə görüşüb.

Görüşdə nüfuzlu təsnifat cəmiyyətlərindən olan ABS ilə ASCO-nun ötən beş il ərzində əməkdaşlığı yüksək qiymətləndirilib.

Rauf Vəliyev bildirib ki, istər donanmaların, istərsə də sahil müəssisə və təşkilatların işinin beynəlxalq standartlar səviyyəsində qurulması, mütəxəssislərin peşə hazırlığının artırılması ASCO-nun önəm verdiyi məsələlərdəndir. ASCO ilə ABS bu istiqamətlərdə uğurlu əməkdaşlıq edir və bu, gələcəkdə də davam etdiriləcək.

Görüşdə  enerji səmərəliliyi istiqamətində innovativ planların tətbiqi, qlobal karbon qazlarının azalma intensivliyi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ASCO sədri Rauf Vəliyev Ryan Salamatiyə əməkdaşlığa verdiyi töhfələrə görə təşəkkür edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ryan Salamati öz növbəsində Rauf Vəliyevə və çoxminli ASCO ailəsinə ötən beş il ərzindəki sıx və uğurlu əməkdaşlığa görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Ryan Salamti Beynəlxalq Dəniz Təşkilatının (IMO) tələblərinin ASCO-da icrasını vaxtaşırı yoxlayaraq təsdiqlənməsində, şirkətin uyğunluq auditini apararaq müvafiq İSO və İSM sertifikatlarının verilməsində yaxından iştirak edib.