Azərbaycanın və Türkiyənin tranzit potensialından maksimum istifadə olunması təklif edilir

318

Orta Dəhliz vasitəsilə Azərbaycanın və Türkiyənin tranzit potensialından maksimum istifadə olunması imkanları müzakirə edilib.

“Report” bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, Bakı Limanında Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Limanın fəaliyyəti, Avrasiyanın logistika mərkəzi kimi Bakı Limanın regional əlaqələrin qurulmasında apardığı fəaliyyət, icra edilən və prespektiv layihələr barədə məlumat verilib.

Regionun nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində aparıcı rol oynayan Bakı Limanı vasitəsi ilə Türkiyədən də keçməklə Avropa və Asiya arasında sürətli yük daşınmasının həyata keçirildiyi və bu strategiyanın daha da genişləndirilməsi imkanları barədə müzakirə aparılıb. Görüşdə Şərq-Qərb arasında qlobal səviyyədə etibar və diqqət qazanan nəqliyyat marşrutu – Orta Dəhliz vasitəsilə Azərbaycanın və Türkiyənin tranzit potensialından maksimum istifadə olunması imkanlarından da bəhs edilib.

Nümayəndə heyəti Bakı Limanının terminallarına da səfər edərək yüklərin tranzit keçidinin təşkili prosesi ilə tanış olub, qaydalarla bağlı məlumat alıblar.

Nümayəndə heyəti Azərbaycan və Türkiyənin dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən qurumları arasında əməkdaşlığın müzakirə edilməsi məqsədilə ölkəmizdə səfərdədir və aidiyyatı strukturlarla görüşlər keçirirlər.