Türkiyənin enerji siyasəti və ölkəni mərkəzi haba çevirən amil – ŞƏRH

247

Son illər Türkiyə dünyanın enerji mərkəzlərindən birinə çevrilməkdədir. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkə neft-qaz, elektrik enerjisi, ümumiyyətlə enerji sektorundan çox ciddi nailiyyətlər əldə edir.

Ölkənin nüfuzunu artırmaq və enerji təhlükəsizliyini təmin etmək, həmçinin digər ölkələrdən enerji asıllığını azaltmaq üçün Ərdoğan hakimiyyəti Qara dənizdə aktiv neft-qaz axtarışlarını davam etdirir.

Misal üçün, “Türkiyə Petrolları Anonim Ortaqlığı” (TPAO) şirkəti tərəfindən Qara dənizin ultradərinliyində aparılan kəşfiyyat işlərində indiyədək ümumilikdə 540 milyard kubmetr təbii qaz aşkar edilib. Türkiyənin Sakarya Qaz Sahəsinin İnkişafı Layihəsi dəniz altında qurulacaq təbii qaz hasilat sistemi, Filyos sahilində qurulacaq emal qurğusu və bu iki bloku birləşdirəcək boru kəmərlərindən ibarətdir.

Belə ki, Filyosda qurulacaq təbii qaz emalı müəssisəsinə isə ilk təbii qazın verilməsi də bu ilə planlaşdırılır. Hazırda son məlumat olaraq TPAO Qara dənizdəki “Sakarya” qaz yatağında “Türkali-2” kəşfiyyat quyusunda üçüncü rezerv səviyyəsində keçirdiyi axın testinin müvəffəqiyyətlə tamamlandığını açıqlayıb.

İqtisadçı-ekspert Eldəniz Əmirov “Report”a açıqlamasında bildirib ki, Türkiyənin enerji ehtiyatları, ümumiyyətlə karbohidrogen ehtiyatları hazırkı məlum ehtiyatlardan dəfələrlə çoxdur.

Onun sözlərinə görə, eyni zamanda Qara dənizdə kəşf edilmiş ümumilikdə 540 milyard kubmetrlik təbii qaz ehtiyatı da orada olan real göstəricidən ən azı iki dəfəyə qədər azdır.

Ekspert hesab edir ki, bu tip yataqlar işləndikcə daha çox perspektivlər üzə çıxır: “Məsələn, Azərbaycanda da yataq olub ki, ehtiyatı ilk öncə 500 milyard kubmetr dəyərləndirilib. Amma qısa müddət sonra artıq bir trilyon kubmetri keçməsi təsdiq olunub. Bu təcrübədə də var. O relyefi də nəzərə alsaq, düşünürəm ki, Türkiyənin kifayət qədər geniş potensialı ortaya çıxacaq”.

E. Əmirov digər bir tərəfdən, Yunanıstan və digər ölkələr tərəfindən Türkiyəyə basqı və təzyiqlərə baxmayaraq, Aralıq dənizində Türkiyənin güzəştə getməməsi strategiyasını çox doğru olduğunu bildirir: “Yəni təbii olaraq belə bir strategiyanın qəbulu nəticəsində Türkiyə digər istiqamətlərdə müəyyən zərərlərlə və itkilərlə üzləşə bilər. Amma Aralıq dənizində Türkiyənin güzəştə getməməsi və bu dənizdə olan ehtiyatlardan faydalanması və bu fayda nəticəsində əldə etdiyi mənfəət onun aldığı zərərlərdən daha çoxdur. Yəni strateji yanaşmada Türkiyənin bu mövqeyini birmənalı olaraq dəstəkləyirəm”.

E.Əmirovun fikrincə, Türkiyənin coğrafi quruluşu və coğrafi yerləşməsi elə bir koordinatlardadır ki, böyük ehtimalla, yaxın olmasa da, orta gələcək üçün Türkiyə bir karbohidrogen ehtiyatlarının habına çevriləcək:

“Sözün həqiqi mənasında Türkiyə bir mərkəzi haba çevriləcək.Həm Asiya ölkələrindən gələn ehtiyatlar, həm Orta Asiyadan, eyni zamanda, ərəb ölkələrindən, Azərbaycandan gələn boru kəmərləri buradan keçir. Yəni burada bir mərkəzi habın yerləşməsi və buradan dünyaya, daha doğrusu Qərbi Avropaya paylanması gerçəkləşəcək. Bu da Türkiyənin əlini bir qədər də bərkidəcək”.

Yeri gəlmişkən xatırladaq ki, TPAO şirkətinin prezidenti Melih Han Bilginin fikrincə, Türkiyə Qara dənizdəki Sakarya qaz yatağı sayəsində ilin sonuna qədər tədarükdən asılılığını 15 % azaltmağı planlaşdırır: “Birinci mərhələdə “Sakarya” yatağı idxal qazından asılılığı 15 % azaldacaq, bu, ilin sonuna qədər baş verəcək. Sonra ikinci mərhələ ilə bu asılılıq 35 % azalacaq”.