Taleh Ziyadov: “Bakı Limanının inkişaf modeli müəyyənləşəcək”

242

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişaf modeli ilin sonuna qədər onun ikinci fazasının texniki-iqtisadi əsaslandırılmasının hazırladıqdan sonra müəyyənləşəcək.

“Report” xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC -nin Baş direktoru Taleh Ziyadov deyib.

“Hökumət tərəfindən qərar veriləcək ki, liman ya dövlət -özəl tərəfdaşlığı əsasında, ya da dövlət tərəfindən inkişaf etdiriləcək”, – T. Ziyadov bildirib.

Onun sözlərinə görə, ikinci faza çərçivəsində konteynerlərin aşırılması ilə bağlı ciddi işlər görüləcək: “Çünki Çindən Avropaya yüklər əsasən konteynerlərlə göndərilir.

Hazırda Bakı Limanının konteyner aşırılma qabiliyyəti 100 min TEU konteynerdir, bu göstəricini aşacağımız təqdirdə yeni bir inkişaf mərhələsinə keçid olacaq. Ötən il Bakı Limanından 62 mindən çox konteyner keçib, bu isə onu göstərir ki, ikinci fazaya hazırlıq görülməlidir. Dövlət başçısı bu istiqamətdə müvafiq tapşırıqlar verib və hazırda həmin işlər görülür”.

Xatırladaq ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb.

14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir.

Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.